Güləşçilərimiz Olimpiya Oyunlarına 7 lisenziya qazandılar
20 Sentyabr 2011 Çərşənbə Axşamı 01:05
Sərbəst güləşçilərimiz dünya çempionatında dördüncü, Yunan-Roma güləşi üzrə yığmasız altıncı, qadın güləşçilərimiz isə beşinci yeri tutub
Azərbaycan idmançıları İstanbulda başa çatan güləş üzrə dünya çempionatında Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 7 lisenziya qazanıblar.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması iki lisenziyanı dünya çempionu Rövşən Bayramovun (55 kiloqramadək) və bürünc mükafatçı Saman Təhmasibinin (84 kiloqramadək) sayəsində əldə edib. Ümumi komanda hesabında Azərbaycan yığması altıncı yeri Bolqarıstanla bölüşmüşdür - hər ölkəyə 21 xal.
Bununla yanaşı qadın güləşi üzrə milli yığma bir olimpiya lisenziyası qazanıb. Qadın idmançımız Mariya Stadnik (48 kiloqramadək) gümüş medal alıb. Qadın güləşi üzrə ümumi komanda hesabında Azərbaycan (31 xal) 5-ci yeri tutub.
Sərbəst güləş üzrə idmançılarımızın Londona dörd olimpiya vəsiqəsi var. Dünya çempionatının qızıl medalçısı Şərif Şərifov (84 kiloqramadək), bürünc medalçıları isə Cəbrayıl Həsənov (66 kiloqramadək), Əşrəf Əliyev (75 kiloqramadək) və Cəmaləddin Məhəmmədov (120 kiloqramadək) olublar. Sərbəst güləş üzrə ümumi komanda hesabında Azərbaycan yığması dördüncü yeri Qazaxıstanla bölüşüb: hər ölkə 29 xal toplayıb. Ümumiyyətlə, 32 ölkədən olan güləşçilər 108 olimpiya lisenziyası qazanıblar.
Güləş üzrə dünya çempionatı sentyabrın 11-dən 18-dək İstanbulda keçirilib. Yarışlarda dünyanın 104 ölkəsindən 900 nəfərdən çox idmançı iştirak edib.
DOSTLARINLA PAYLAŞ: