Güləşçilərimiz Ankaradan 11 medalla qayıdırlar
13 Fevral 2012 Bazar Ertəsi 12:47
Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr olunmuş turnir başa çatıb.
Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir başa çatıb. Sərbəst və qadın güləşçilərimiz ümumilikdə 11 medal – 3 qızıl, 4 gümüş və 4 bürünc əldə edib. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, turnirin son günündə sərbəst güləşçilərin yarışında 96 kq çəkinin finalında Xetaq Qazyumovla Şərif Şərifov qarşılaşıb. Xetaq Qazyumov qızıl, Şərif Şərifov gümüş medal əldə edib. 66 kq çəkidə təmsilçimiz Cəbrayıl Həsənov bürünc medal əldə edib.

Ümumilikdə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında turniri 3-cü pillədə tamamlayıb.

Yığmamız qadınların yarışında isə turnirin ikinci gününü 1 gümüş və 1 bürünc medalla başa vurub. 63 kq çəkidə İrina Netreba gümüş, 51 kq-da Anjela Doroqan isə bürünc medala sahib olub.

Ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan qadın güləşi yığmamız komanda hesabında turniri ikinci sırada tamamlayıb.

Xatırladaq ki, turnirin ilk günündə güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Sərbəst güləşçilərin yarışında Mahmud Məhəmmədov (55 kq) qızıl, Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında isə Marziget Baqomedova (48 kq) qızıl, Kəmalə Əliyeva (48 kq) və Natalya Palamarçuk (72 kq) gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov isə baş hakim olduğu turnirdə görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov ölkəmizi təmsil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar