Güləşçilərimiz 4 qızıl medal qazandı
14 Fevral 2011 Bazar Ertəsi 02:47
Qızıl medallardan ikisi qadın güləşçilərə aiddir
Güləş üzrə Azərbaycan yığma komandası Türkiyədə keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edib. Yaşar Doğunun xatirəsinə həsr olunmuş yarışın son günü həmyerlilərimiz 3 qızıl medal qazanıblar.

Sərbəst güləşçilərin mübarizəsində Zəlimxan Hüseynov 66 kiloqramda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zəlimxan finalda Rusiya təmsilçisi Dmitri Şedrinin kürəyini xalçaya sıxıb.

Dünya və Avropa çempionu Xetaq Qazyumov isə həlledici görüşdə türkiyəli rəqibi Həmzə Kəsəoğlunu məğlub edərək qızıl medalı boynundan asıb.

Komandamıza 3-cü ali mükafatı qadın güləşçimiz Nadejda Semantsova qazandırıb. Avropa çempionu finalda təşkilatçı ölkənin nümayəndəsi Burcu Özkayadan güclü olub.

Xatırladaq ki, yarışın ilk iki günü idmançılarımız 5 medal əldə etmişdi. Qadın güləşçilərimizdən Mariya Stadnik qızıl, Olesya Zamula gümüş, Yuliya Ratkeviç isə bürünc mükafatı boynundan asmışdı.

Kişilərin yarışında isə Toğrul Əskərovla, Novruz Temrezov fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar