Güleşçilerimiz 28 medal qazanıb
04 İyun 2013 Çərşənbə Axşamı 01:48
Pəhləvanlarımız müxtəlif yaş qruplarında 5 beynəlxalq turnirdə iştirak edib.
Mayın 20-dən bu günə qədər güləşçilərimiz müxtəlif yaş qruplarında 5 beynəlxalq turnirdə iştirak edib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə 14 qızıl, 4 gümüş, 12 bürünc qazanan yığma komandanın üzvləri üçün ötən 10 günü uğurlu adlandırmaq olar.
Belə ki, İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə "Yadigar İmam Kuboku" ənənəvi beynəlxalq turnirində 3 idmançı ilə təmsil olunan komandamız 1 gümüş və 1 bürünc medal əldə edib.
Dağıstanın Mahaçqala şəhərində 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnirdə isə güləşçilərimiz 3 qızıl medal qazanıb. Qeyd edək ki, hər zaman gərgin mübarizə şəraitində keçən turnir bu dəfə yeni qaydalarla baş tutub.
Qadın güləşçilərimiz isə, Avstriyanın Getsiz şəhərində qüvvələrini sınayıb. 3 qızıl və 2 bürünc medal qazanan qadınlarımız kişi pəhləvanlarımızdan geri qalmadıqlarını göstəriblər.
Ankarada gənclər arasında “Çempionlar” ənənəvi beynəlxalq turnirində isə hər üç növ üzrə yığma komandalarımız iştirak edib. Ümumilikdə 15 medal qazanan güləşçilərimiz turniri müvəffəqiyyətlə başa vurub. Qazanılan medallardan 1 qızıl, 1 gümüş, 4 bürünc yunan-Roma, 3 bürünc sərbəst, 4 qızıl, 1 gümüş, 1 bürünc medal isə gənc qızların payına düşüb.
Dağıstanın Xebda rayonunda Suraqat Asyatilovun xatirəsinə həsr olunan açıq Respublika turnirində iştirak edən yeniyetmə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla ümidləri doğruldublar.
DOSTLARINLA PAYLAŞ: