Güləş üzrə Azərbaycan çempionatında daha 4 qızıl medal qazanıldı
17 İyun 2010 Cümə Axşamı 02:45
Güləş üzrə ölkə çempionatında sərbəst güləş üzrə 74, 84, 96 və 120 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.
İyunun 17-də ölkə çempionatında sərbəst güləş üzrə 74, 84, 96 və 120 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Bu çəkidə ümumilikdə 93 pəhləvan mübarizə aparırmışdır. Onlardan ən güclüləri Əşrəf Əliyev (74 kq), Camsulvara Camsulvarayev (84 kq), Cəmaləddin Maqomedov (96 kq) və Toxtar Təmrəzov (120 kq) olublar.
Ötən gün həmçinin, yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin sərbəst güləş üzrə final görüşləri keçirilib. Final görüşündə Sumqayıtın 2 saylı nümayəndəliyi və Gəncənin 7 saylı nümayəndəliyin pəhləvanları mübarizə aparıblar. Qarşılaşma 6:4 hesabı ilə Gəncə güləşçilərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki keçirilir. Yarışlar 2 mərhələdən ibarətdir. Bu turnirdə Azərbaycan Güləş Federasiyasının (AGF) 8 nümayəndəliyinin - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlax komandaları qüvvələrini sınayırlar. Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaqlar. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.
Şəxsi yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara müvafiq diplom, medal və pul mükafatı veriləcək, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaqlar. Yığma komandada yer alan idmançılar tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Çempionatda 1-ci yeri tutan idmançı 4000 manat, 2-ci yeri tutan 2000 manat, 3-cü pillədə qərarlaşan güləşçi isə 1000 manat pul mükafatı alacaq. Həmçinin 1-ci yeri tutan idmançıların şəxsu məşqçilərinə də 1000 manat mükafat veriləcək. Birinci və ikinci yerləri tutan pəhləvanlar növbəti seçim yarışına qədər hər ay müvafiq olaraq 600 və 500 manat maaş alacaqlar.
Azərbaycan çempionatında görüşlərin daha obyektiv və şəffaf keçirilməsi məqsədilə AGF tərəfindən qonşu dövlətlərdən olimpiya və beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Eyni zamanda, yarışları FİLA-nın (Beynəlxalq Güləş Federasiyası) təlimatçısı Konstantin Mixaylov da müşahidə edir.Oyunların idarə olunmasında yerli hakimlərlə yanaşı, Xorvatiya, İran, Türkiyə, Gürcüstan, Rusiya, Qırğızıstan, Yunanıstan və Rumıniyadan olan hakimlər də iştirak edirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: