Güləş komandamız dünya ikincisi oldu
22 İyul 2010 Cümə Axşamı 11:45
Macarıstanın Budapeşt şəhərində güləşçilər yarışırlar.
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir. Dünya birinciliyində ikinci gün yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. 55 kq çəkidə Qasım Məhəmmədov ukraynalı Dmitri Tsimbalyuk (3:0, 4:0), moldovalı Maksim Mamulat (6:0, 2:0), alman Oliver Runge (2:1, 3:3) üzərində qələbə qazanaraq finala çıxıb. Yalnız finalda Rusiya təmsilçisinə məğlub olan Qasım gümüş medal qazanıb.

66 kq çəki dərəcəsində Rəsul Cunayev ardıcıl olaraq qazax Arsen Fufaciyev (3:1, 1:0), ukraynalı Alan Dzakayev (0:2, 3:0, 1:0), erməni Gevorg Sahakyan üzərində (6:0, 3:0) qələbə qazanıb. Yarımfinalda xorvat Dominik Etlingerə məğlub olan Rəsul bürünc medal uğrunda görüşə çıxıb. Bu görüşdə misirli İbrahim Nasser ilə qarşılaşan Rəsul (5:2, 2:0) qalib gələrək bürünc medala sahib olub.

Yarışın ilk günü Eldəniz Əzizli (50 kq) və Kamran Məmmədov (60 kq) qızıl medala sahib olub. Ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci yeri tutub.

Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb. Böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanan komandamız bu gün Vətənə qayıdır.

Xatırladaq ki, iyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar