Georgi Adamiya: Böyük pullardan imtina etməli oldum
07 Avqust 2013 Çərşənbə 17:58
Azərbaycanda ağır zədədən sonra məni heyətlərində görmək istəmədilər.
Azərbaycan milli çempionatının rekordçusu tanınmış gürcü futbolçu Georgi Adamiya "apasport.az" saytına müsahibə verib:

- Artıq mobil telefonunuzun Azərbaycan nömrəsi işləmir. Belə demək olar ki, “Zestafoni”yə keçəndən sonra 8 il oynayıb yaşadığınız ölkəmizlə birdəfəlik əlaqəni kəsdiniz?
- (gülür) Bunu zaman göstərəcək. Azərbaycan nömrəm son 3 ayda işləyirdi, yalnız 2-3 öncə bağlanıb. “Zestafoni” ilə 1 illik müqavilə bağlamışam. Yəqin ki, 1 il burda oynamalı olacağam. Bundan sonra necə alınacağına baxarıq.

- Başqa variantlar yox idi ki, bu kluba anlaşdınız?
- Prinsipcə, ağır zədədən sonra futbolçunu Gürcüstanda da heç kim istəmir. Hamı elə düşünürdü ki, ayaq üstə dura, futbolla ciddi məşğul ola bilməyəcəyəm. Ancaq buna baxmayaraq, “Zestafoni” mənə sahib çıxdı və ayağa durdum. Artıq məşq edirəm, normal oynayıram.

- Azərbaycandan hətta ortabab klubların sizin maraqlanmamağı təəccübünüzə səbəb olmadı?
- Mən bunu ağır zədəmlə əlaqələndirirəm. Yəqin ki, buna görə məni heyətlərində görmək istəmədilər. Mən bu sualınıza dəqiq cavab verə bilmərəm.

- 8 ildən sonra vətəninizdə oynamaq sizdə hansı təəssürat oyadır? Bu müddətdə çoxmu şey dəyişib?
- Mən ilk olaraq yüksək liqada oynadan Tiflis Dövlət Universitetin komandasında 2 il çıxış etmişəm. Bundan sonra 4 il “VİT-Corciya”da forma geyib, Azərbaycana yollanmışam. Açığı, 8 ildən sonra burda nələr baş verdiyini bilmirəm. Mənim özümə maraqlıdır ki, Gürcüstan futbolunda, çempionatında vəziyyət necədir. Bu sualınıza yalnız oynayandan, komandaların səviyyəsini görəndən sonra cavab verə bilərəm. İstəsəniz, ilk dövrədən sonra – qışda zəng vurarsınız, bunu məmnuniyyətlə cavablandıraram.

- Azərbaycanda komanda yoldaşınız olmuş Valeri Abramidze də vətəninə qayıdıb, “Sioni”yə keçib...
- Biz 2 gün öncə təlim-məşq toplanışından qayıtmışıq. Hələ Abramidze ilə danışmadığımdan, bu haqda bir şey deyə bilmərəm.

- “Zestafoni” ötən il Çempionlar Liqasında “Neftçi”yə uduzaraq mübarizədən kənar qaldı. Maraqlıdır, hazırkı komanda yoldaşlarınız “Neftçi”nin keçmiş futbolçusu olan Georgi Adamiyadan bu haqda bir şey soruşurlar?
- Elə xüsusi bir söhbət düşmür. Sadəcə, 1-2 dəfə futbolçular həmin oyunları yada saldılar.

- Azərbaycan karyeranızda ən çox yadınızda nə qaldı? Nəyi ən böyük uğur sayırsınız, nəyi qazana bilmədiyinizə görə üzülürsünüz?
- Azərbaycanda oynadığım bu müddətdə hər şey yaxşı oldu. Heç bir şeydən gileylənmirəm. Sadəcə, bir şeyə təəssüflənirəm ki, Azərbaycan kubokunu qazana bilmədim (gülür). Ancaq qalanları öz yerində idi. Çempion da oldum, digər medalları da qazandım. Çempionatın bombardiri, “Birlik kuboku”nun qalibi oldum. Əgər ölkə kubokunu da qazansaydım, tam mükafat kolleksiyam olardı.

- Bir uğurunuzu da sona çatdıra bilmədiniz (sözümü kəsir)...
- Bildim nəyi nəzərdə tutursunuz, həmyerlim Badri Kvaratsxeliyanın rekordunu qıra bilmədiyimi. Ondan sonra Azərbaycan çempionatında ən çox qol vuran 2-ci legionerəm. Təəssüf ki, son 1 ili əməliyyat üzündən buraxmalı oldum. Həmin vaxt oynaya bilməzdim. Ötən mövsüm cəmi 4 matç keçirdim, 1 qol vurdum. Belə demək olar ki, Badriyə özümü çatdıra bilmədim.

- “Zestafoni” ilə müqaviləniz bitəndə, artıq 33 yaşınız olacaq. Həmin yaşda Azərbaycana qayıdıb, qazana bilmədiklərinizə nail olmağı nə dərəcədə real sayırsınız?
- Bu, yalnız məndən asılı deyil. Hər halda, yaxşı forma yığmaya çalışacağam. Buna uzun fasilədən sonra vaxt lazım gələcək. Çünki ağır zədədən sonra tez optimal formaya girmək çətindir. Ancaq vaxt getdikcə tez sürət yığıb, yaxşı oynayacağıma, istədiyim vəziyyətdə olacağıma ümid edirəm. Onda necə alınacağına, Azərbaycana qayıtmaq variantına baxarıq. Rekord üçün ora dönüb, daha 1 il oynamaq olar.

- Bir maraqlı məqamı də nəzərə alın ki, həmyerliniz məhz 33 yaşda Azərbaycana gəlib, bütün uğurları qazanmışdı...
- Ona afərin olsun ki, bütün bunları qazana bildi. Hər halda, Badri Azərbaycan futbol tarixində ən yaxşı legionerlərdən biri sayılır. Ancaq indi futbola tamam başqa münasibətdir. Futbol daha da inkişaf edib. Yəqin ki, bu yaşda Azərbaycana gəlmək çətin olacaq. Məncə, yaş vacib deyil. Əsas odur ki, futbolçu oynaya bilsin.

- Təbii ki, Azərbaycan və Gürcüstan klubları maddi baxımından müqayisə olunmazdır...
- Bu, öz yerində.

- Elə isə ölkəmizdə yaxşı qazanandan sonra az pula qane olmaq sizə çətin deyil?
- Çətin oldu-olmadı, həmişə elə vaxt gəlir ki, karyeranın sonunda olursan. Daim futbolçu ola bilməzsən ki...Nə vaxtsa yaxşı həyatdan, böyük pullardan imtina etməli olursan. İndi belə alındı. Ancaq mən buna normal yanaşıram. Ona görə bunu normal qəbul etdim ki, sonda belə olacağını bilirdim.

- “İnter”də birgə oynadığınız İlya Kandelaki ilə yenidən komanda yoldaşısınız. “İnter”i, Bakını xatırlamırsınız?
- Biz birgə müqavilə imzaladıq. Artıq öz vətənimizə, komandamıza diqqətimizi yönəltmişik. İndi bütün fikirlərimiz “Zestafoni”yə bağlıdır.

- Komandanızın məqsədi nədir?
- Ötən mövsümün sonunda bəzi problemləri vardı. Hazırda bütün futbolçular gəncdirlər. Yaşlı oyunçular yalnız mənimlə Kandelakidir. Ancaq hələ məqsədlə bağlı danışmayıblar, toplantı olmayıb. Çalışacağıq ki, çempionatı yuxarı pillələrdə başa vuraq. Avqustun 11-də çempionatımız başlayır. İlk turda Tiflis “Dinamo”su ilə çox çətin oyunumuz olacaq.

- Həm o, həm də “Dila” qitə miqyaslı turnirdə yaxşı oyun nümayiş etdirirdi...
- Bəli. Ancaq təəssüf ki, növbəti mərhələyə adlaya bilmədilər. Ümid edirəm ki, Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasına keçən “Dinamo” qrupa düşmək istəyinə burada çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar