Gənclərin ölkə birinciliyi start götürüb
09 Mart 2010 Çərşənbə Axşamı 23:40
4 çəki dərəcəsində ən güclü güləşçilər müəyyən edilib
Sərhədçi İdman Olimpiya Mərkəzində güləş üzrə gənclərin ölkə birinciliyi start götürüb. İlk yarış günü döşək üzərində Yunan-Roma güləşçiləri bacarıqlarını nümayiş etdiriblər.
Daha dəqiq ilk yarış günü döşək üzərində 4 çəki dərəcəsində 87 güləşçi mükafat uğrunda mübarizə aparıb. Final yarışları “Neftçi” idman sağlamlıq mərkəzi yetirmələrinin üstünlüyü ilə keçib. Çəkisi 50 kq.-dək olan güləşçilərin yarışında Eldəniz Əzizli Sumqayıt güləş məktəbinin şərəfini qoruyan Vilayət Qəhrəmanlıya qalib gəlib. Bu çəkidə fəxri kürsünün üçüncü pilləsinə sumqayıtlı Namiq İmanov və “Neftçi” yetirməsi Səid Balabəyov layiq görülüb.
60 kiloqram çəki dərəcəsinin finalçıları isə Bakı güləşçiləri olub. Bu çəkidə “Dinamo”çu Kamran Məmmədov vaxtından əvvəl qələbəni bayram edib. Zədə “Neftçi” cəmiyyətinin yetirməsi Orxan Paşayevi baş mükafatdan məhrum edib. Orta çəki dərəcəsində də fəxri kürsünün üçüncü pilləsinə “Neftçi” cəmiyətinin və Sumqayıt güləş məktəbinin idmançıları - Elçin Həsənov və Ənvər Cəfərov layiq görülüblər.
Çəkisi 74 kq.-dək olan güləşçilərin final qarşılaşması da Bakı idmançılarının mücadiləsi ilə yadda qalıb. “İnter” klubunun yetirməsi Niyaməddin İbrahimov yalnız üçüncü hissədə “Neftçi” cəmiyyətinin güləşçisi Fuad Əliyevin medal arzusunu ürəyində qoyub.
Ən ağırların, çəkisi 96 kq.-dək güləşçilərin finalda görüşündə döşək üzərində paytaxtın “Neftçi cəmiyyətinin və Sumqayıt şəhərinin güləşçiləri qurşaq tutublar. Bakı güləşçisi Araz Həsənov rəqiblərindən üstün olub.
Qeyd edəy ki, hər çəki dərəcəsinin qalib və mükafatçıları ölkə yığmasında iştirak etmək üçün dəvət alıblar. Bundan başqa, birincilikdə fərqlənən güləşçilər pul mükafatı ilə yanaşı, tam dəst idman geyimi ilə təltif olunub.
Sabah çəkiləri 55, 66, 84 və 120 kq.-dək olan Yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: