Gənclərin Beynəlxalq boks turnirinə start verilib
11 May 2010 Çərşənbə Axşamı 22:55
134 idmançı qalib adı uğrunda mübarizə aparır.
Sərhədçi Olimpiya İdman Kompleksində gənclərin Beynəlxalq boks turnirinə start verilib. Heydər Əliyev kuboku uğrunda yarışda ümumilikdə 134 idmançı qalib adı uğrunda mübarizə aparır.

Beynəlxalq turnirdə idmançılar 13 çəki dərəcəsində rinqə çıxır. Ali mükafatlara Azərbaycan boksçuları ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İrlandiyadan gəlmiş idmançılar da iddialıdır. Ölkəmiz yarışda 3 komanda ilə təmsil olunur. Ruslar da Bakıya eyni sayda komanda ilə gəliblər. Gürcüstan və Qazaxıstan hərəyə 2 kollektivlə yarışır.

İlk yarış günü ən yüngül çəkili boksçular rinqə dəvət olunub. Ağırlığı 46 kiloqrama qədər olan boksçular arasında 3 həmyerlimiz rinqi başıuca tərk edib. Orxan Rüstəmov gürcüstanlı rəqibi Georgi Tezelaşvilini məğlubiyyətə uğradaraq növbəti mərhələyə adlayıb. Onun komana yoldaşı Hüseyn Nərimanlı qazaxıstanlı Alişer Camatovla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ almış boksçumuz sonadək üstünlüyü əldən verməyib. Eyni çəki dərəcəsində yarışmış Kamran Məlikov gürcü Georgi Amoqlabelini mübarizədən kənarlaşdırıb.

48 kiloqramda Mətin İsmayılov İrlandiya təmsilçisi Nevin Nayı məğlub edib. Ağırlığı 54 kiloqrama qədər olan boksçuların yarışında 2 idmançımız münasibətlərinə aydınlıq gətirib. Alim Abbasov-Rauf Həsənov duelindən birinci qalib ayrılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar