Futbolsuz qalan mərkəzi arena - Tofiq Bəhramov adına respublika stadionu
26 Avqust 2013 Bazar Ertəsi 18:58
Tofiq Bəhramov adına respublika stadionunda niyə “Qarabağ” oyunlarını keçirir.
Bu gün ölkənin bir nömrəli futbol arenası olan Tofiq Bəhramov stadionu futbolsuz qalıb. Prezidentin sərəncamı ilə stadionun yenidən qurulmasına 10 milyon manat ayrılıb. Yenidənqurma nəticəsinə stadion tam modernləşdirilib. Burada hər şey var. Bircə futboldan başqa...
Stadionda yalnız “Qarabağ” klubu müqavilə əsasında ev oyunlarını keçirir. Yığma komandamız ev oyunlarını “Bakcell arena”da keçirir. Paytaxtın əsas azarkeş kütləsi olan klubları “Neftçi” , “Bakı” və “İnter” də oyunlarını öz stadionlarında keçirirlər.
Tofiq Bəhramov adına respublika stadionunun direktoru Akif İsmayılov respublika stadionunda oyunların keçirilməməsinin günahını klublarda axtardı. “Stadionumuza gələn yoxdur. Biz də istəyərik ki, stadionumuzda çox komanda oynasın, bizimlə müqavilə bağlayan klublar çox olsun. İstəyərik ki, daha çox pul qazanaq. Ancaq klublar stadionumuzun həddindən artıq böyük olduğunu əsas gətirərək oranı azarkeşlə doldura bilməyəcəklərindən ehtiyat edirlər. Ancaq bizim heç bir klubla problemimiz yoxdur. Müqavilə bağlayaraq stadionumuzda oyun keçirə bilərlər”, - deyə Akif İsmayılov bildirib.
Stadionun balansında olduğu Gənclər və İdman Nazirliyindən isə məsələ ilə bağlı heç bir problemin olmadığını bildirdilər. Qurumun mətbuat katibi Qabil Mehdiyev ANS PRESS-ə açıqlamasında klubların müqavilə imzalayaraq stadionda oyunların keçirməsində heç bir problemin olmadığını bildirdi.
“İstər “Neftçi”, istərsə də “Qarabağ” müqavilə imzalayaraq oyunlarını burada keçirə bilərlər. Biz tərəfdən bu barədə bir çətinlik yoxdur”, - deyə Qabil Mehdiyev bildirdi.
Sonda ümid edirik ki, Azərbaycan futbolunun ən xoş anlarına şahidlik etmiş Tofiq Bəhramov adına respublika stadionunda yenidən ən azı hər gün futbol oyunu keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: