Futbol üzrə növbəti Azərbaycan çempionatının startı verilib
07 Avqust 2010 Şənbə 23:25
Lənkəran təmsilçisi mövsümün ilk oyununda 3 xal qazanmağı bacarıb.
Bu gün futbol üzrə növbəti Azərbaycan çempionatının startı verilib. XIX milli çempionatının ilk günündə 3 qarşılaşma baş tutub. Çempionata saat 18:00-da başlayan “Gəncə”-“Simurq” görüşü ilə start verilib ki, bu matçda qalib müəyyənləşməyib. Bu qarşılaşmada hesabı qonaqlar açıblar. Ötən mövsüm “İnter”i çempion edən Kaxaber Sxadadzenin oğlu Baçana zaqatalalıları hesabda irəli çıxarmaqla mövsümün ilk qolunun müəllifi kimi tarixə düşüb. Lakin gəncəlilər Sabir Allahquliyevin qolu ilə məğlubiyyətdən yaxa qurtara biliblər. Bu qol “Bakı”nın baş məşqçisi kimi Azərbaycan çempionluğunu qazanan makedoniyalı Qyoko Hacıyevskinin “Simurq”un “sükanı arxasında” ilk rəsmi matçında qələbə qazanmasına imkan verməyib.
Lənkəranda isə iki əcnəbi mütəxəssis debüt edib. Bununla da “Xəzər Lənkəran” rumıniyalı Mirça Rednik, “Qəbələ” isə əfsanəvi ingilis futbolçu Toni Adamsla yola başlayır. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Ötən mövsümün sonunda uğursuzluq zolağına düşüb avrokuboklarda da qələbəsiz oyunlar seriyasını davam etdirən Lənkəran təmsilçisi mövsümün ilk oyununda 3 xal qazanmağı bacarıb. Rednikin debütdə qələbə qazanmasına müdafiəçi Elvin Becirinin qolu səbəb olub.
Almaniyalı Vinfred Şafer isə fasilə müddətində gəlsə də, Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə siftə edib. Onun çempionatımızda ilk oyunu yeni adla çıxış edən komandaya qarşı olub. Məlum olduğu kimi, əvvəl “Olimpik”, daha sonra “Olimpik-Şüvəlan” adlanan komanda əsas sponsoru olan AZAL-ın adını daşıyır. “Təyyarəçilər” ölkə kubokunun son qalibini qısa zaman kəsiyində vurulan 3 qolla “noqdaun”a salıb. Litvalı Qvidas Yuşka isə mövsümün ilk dublunu rəsmiləşdirib. Paytaxtın eyni adlı təmsilçisi psixoloji cəhətdən hazırlıqlı olduğunu göstərərək özünə gələ bilib. Şaferin yetirmələri iki qolun əvəzini çıxıb üstünlüyə yiyələnsələr də bundan artığına nail olmayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: