Flaqmandan əzəli rəqibə ağır zərbə
11 May 2010 Çərşənbə Axşamı 20:10
Kamran Ağayev "Neftçi"yə keçə bilər.
Milli komandamızın əsas qapıçısı Kamran Ağayev "Xəzər Lənkəran"dan ayrılır. Lənkəran klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu anlaşmanı yeniləməmək qərarına gəlib.
Belə olan halda, mayın 23-də baş tutacaq Azərbaycan Kubokunun final matçında Kamran sonuncu dəfə ağ-yaşıl formanı geyinəcək. Artıq qolkiper təkliflər almağa da başlayıb. Bu günə qədər ən real və sərfəli təklifin "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi"dən gəldiyi deyilir.
Vladimir Miçoviçin komandadan ayrılmasından sonra yalnız Paulis Qribauskasın ümidinə qalacaq flaqman qapıdakı problemi Kamranın vasitəsi ilə həll etmək istəyir. Həm də "Neftçi" bundan sonra həm yerli, həm də əcnəbi futbolçu transferlərində əsasən yığma üzvlərinə üstünlük vermək niyyətindədir.
"Neftçi" Kamranı transfer etməkdə israrlı olsa da, qolkiper hələ ki, qərarını verməyib. Karyerasını ölkə xaricində davam etdirməkdə maraqlı olan futbolçunun əcnəbi klublarla danışıqları baş tutmasa, karyerasını məhz "Neftçi"də davam etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: