FİLA prezidenti azərbaycanlı idmançıları təriflədi
24 May 2010 Bazar Ertəsi 16:40
Rafael Martinetti Sinqapur olimpiadasında rəqiblərimizin çətinliklə üzləşəcəyini vurğulayıb.
Polşanın Poznan şəhərində yeniyetmələrin Sinqapur Olimpiadasına vəsiqə xarakterli Avropa seçim turniri başa çatıb. Azərbaycan yığmasının bu turnirdə iştirak edən idmançıları Sinqapur Olimpiadasına qazanılması mümkün olan 5 vəsiqənin hamısını əldə ediblər.
Turnir davam edən günlərdə Polşada yığma komandalarımızla birgə olan Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev idmançılarımızın çıxışlarından razı qalıb: “Təbii ki, nəticələrdən razıyıq. Çünki maksimum nəticə - 5 lisenziya qazanılıb. Bizi təəssüfləndirən məqam lisenziyaların sayına FİLA tərəfindən məhdudiyyət qoyulmasıdır. Belə olmasaydı, biz Sinqapurda daha çox sayda idmançı ilə təmsil oluna bilərdik. Amma bu, FİLA-nın qərarıdır və biz buna hörmətlə yanaşırıq. Yeniyetmələrin olimpiadasına maksimum sayda lisenziya qazandıq. Çalışacağıq ki, olimpiadada medallarımızın sayı və əyarı da yüksək olsun”.
Bununla yanaşı AGF-nin I vitse-prezidenti Namiq Əliyev FİLA prezidenti Rafael Martinetti ilə söhbət etdiyini və onun Azərbaycanın yeniyetmə güləşçilərinin səviyyəsindən çox razı qaldığını bildirib. FİLA prezidenti azərbaycanlı güləşçilərin Sinqapurda digər ölkə idmançları üçün ən təhlükəli rəqib olacaqlarını vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: