FIFA Filming 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcək.
Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. ANS PRESS-in AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, çempionata hazırlıq işləri çərçivəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq davam edir.
İyul ayının 27-də ölkəmizə gələn FIFA Filming (FIFA çəkiliş qrupu) üzvləri 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti 1 avqust tarixində çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə, Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.
Qeyd edək ki, FIFA çəkiliş qrupu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə rəsmi ev sahibliyi edəcək Bakı və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaq.