FİDE prezidenti “Qızıl Tac” ətrafında danışılanlara münasibət bildirdi
31 İyul 2010 Şənbə 22:55
Kirsan İlyumjinov yarışda Azərbaycanın iki şahmatçı ilə təmsil olunacağını təsdiqləyib.
FİDE prezidenti Kirsan İlyumjinov da iddialılar turniri ilə bağlı son günlər baş verənlərə münasibət bildirib. Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Rusiya mətbuatına müsahibəsində Kazanda keçiriləcək yarışda Azərbaycanın iki şahmatçı ilə təmsil olunacağını təsdiqləyib.
Rusiyanın “Sport Ekspress” qəzetinə müsahibə verən FİDE prezidenti Kirsan İlyumjinov Qızıl taca iddialılar turnirinin Bakıdan alınaraq, Kazan şəhərinə verilməsinə münasibətini açıqlayıb. Onun sözlərinə görə, iddiaçıların matçlarının keçiriləcəyi yerlə bağlı məsələni uzatmaq düzgün deyildi. “Turniri Bakıda deyil, başqa yerdə keçirməli olduğumuz aydınlaşandan sonra varinatlar axtarırdıq. Bolqarıstan tərəfinin maliyyə təminatını ödəyə biləcəyi sual altındaydı. Rusiya Şahmat Federasiyası isə bunu etdi. Nəticədə FİDE-nin Prezident Şurası yarışın Kazanda keçirilmək təklifi ilə razılaşdı”,-deyə o bildirib.
Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasına anlayış göstərdiyinə görə minnətdarlığını da bildirib. “Sport Ekspress” qəzetinin əməkdaşının “Yarış Rusiyada keçiriləcək. Təşkilatçı ölkəyə məxsus yer isə Azərbaycanlı Şəhriyar Məmmədyarova verilib. Belə olan halda qiyamçı fikir yaranır. Kazandakı turnir Azərbaycanın pulları ilə təşkil olunacaq?” sualına Kirsan İlyumjinov belə cavab verib: “Heç bir halda. Mükafat Fondunu Rusiya Şahmat Federasiyası təsdiqləyib. Prezidentlər Şurasının iclasında bildirildi ki, bu mükafat 500 min avrodan az olmayacaq. Biz əvvəl belə razılaşdırmışdıq ki, yarış Bakıda keçirildiyindən “vayld-kart” Azərbaycana veriləcək. Vəziyyət dəyişdiyindən qərarımızı geri götürməyi düzgün saymadıq. Çünki, bu FİDE və Azərbaycan rəhbərliyi arasında qurulan münasibətlərə xələl gətirə bilərdi. Biz onu da yüksək qiymətləndiririk ki, Azərbaycan prezidenti İhlam Əliyev ölkədə şahmatın inkişafı haqda 5 illik dövlət proqramı imzalayıb”.
İlyumjinov Topalovun Rusiyada keçirilən yarışdan etiraz edəcəyi təqdirdə, onu əvəzləməyə şahmatçı tapacaqlarını da deyib.
Xatırladaq ki, Veselin Toplavoun meneceri Silvio Danailov iddialılar turnirinin Kazanda keçirildiyi üçün əlavə yerin Şəhriyar Məmmədyarova verilməsinə etiraz etmişdi.
Kişilərdən ibarət Azərbaycanın yığmasının kapitanı Zurab Azmayparaşvili isə Rusiya tərəfinin şahmat üzrə iddialılar turnirində “vayld-kart”ın Azərbaycana verilməsinə etiraz etmədiyini rəsmən bildirməli olduğunu söyləmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: