Fəridə Əzizova London olimpiadasına vəsiqə qazandı
30 İyun 2011 Cümə Axşamı 20:07
Taekvondoçu Fəridə Əzizova rəqiblərinə heç bir şans verməyib.
Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnirə start verilib. ANS PRESS "Fanat.az" xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən turnirin ilk günündə Azərbaycan yığması London olimpiadasına bir vəsiqə qazanıb.
Yığmamızın üzvlərindən Fəridə Əzizova bu uğura imza atıb. 67 kq çəki dərəcəsində yarışan Fəridə ilk mərhələdə slovakiyalı Franka Aniçi mübarizədən kənarlaşdırıb (5:0). Növbəti mərhələdə amerikalı Peyc Makfersonu məğlub edən (2:0) həmyerlimiz 1/4 finalda kanadalı Karen Serdjelidən üstün olub (1:0). Fəridənin finala gedən yolda rəqibi isveçli Elin Yohanson olub. Bu rəqibini də üstələyən həmyerlimiz (4:0) həm finala, həm də London olimpiadasına vəsiqə qazanıb.
Qeyd edək ki, bu olimpiadaya ikinci vəsiqəmiz olub. Bundan əvvəl milliləşdirilən belaruslu atletimiz Dmitri Marşin Minskdəki beynəlxalq turnirdə 3-cü yeri tutmaqla, bu hüquqa yiyələnmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: