Fatih Terimin 4 il 8 ay müddətinə həbsi istənilir
03 Fevral 2013 Bazar 13:14
"Qalatasaray"ın baş məşqçisi qadın azarkeşi təhqir etməkdə günahlandırılır.
Antalyalı futbol azarkeşi Mürüvet Karaboğanın ötən il oktyabrın 21-də "Mardan" stadionunda "Antalyaspor" və "Qalatasaray" klublarının qarşılaşması zamanı onu təhqir etdiyinə görə 100 min lirə təzminat tələb etdiyi baş məşqçi Fatih Terimə qarşı 4 il 8 aylıq həbs tələbi ilə yeni iddia qaldırılıb.

ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, qadın azarkeşin vəkili prokurorluğa qarşılaşmanın səhəri gün şikayət edib. Fatih Terim isə vəkili Müge Demirel vasitəsilə iddiaya cavab verib və qarşılışlı iddia qaldırıb. Onun cavabında deyilir: "Belə bir hadisə olmayıb. Bunlar varlanmaq istəyən qadının xəyal məhsuludur".

İşi araşdıran Antalya prokuroru Fevzi Argıçin hazırladığı ittiham aktında həm Mürüvet Karaboğanı söyən, həm də yan hakim Volkan Ahmet Narinçi təhqir edən Fatih Terimin cəzalandırılması tələb edilir. Prokuror 60 yaşlı Fatih Terimin hadisələrinq hər biri üçün 6 aydan 4 il 8 ayadək müddətə azadlıqdan məhrum edilməsini, məşqçilikdən uzaqlaşdırılmasını istəyir.

Türkiyə Futbol Federasiyasının nümayəndəsi isə raportda yazıb ki, yan hakim Volkan Ahmet Narinç söyüşü eşitmədiyini, şahidlər Ümit Davala, Hasan Gökhan Şaş, Şükrü Hanedar, Barış Çakır və Uğur Durul isə Fatih Terimin söyüş işlətmədiyini bildiriblər. İşə əlavə edilən fotoda Fatih Terimin azarkeşlərə tərəf sağ əlini qaldırmaqla nəsə dediyi görünür. Qarşı tərəfin şahidləri Mustafa Akdoğan və Ayşe Polatkan Fatih Terimin həm yan hakimi, həm də qadın azarkeşi söydüyünü bildiriblər.

İddiaya aprelin 22-də baxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar