Fatih Terim Qalatasaray klubuna qayıdıb
20 May 2011 Cümə 11:16
Türkiyənin Qalatasaray futbol komandasının baş məşqçisi vəzifəsi yenidən Fatih Terim seçilib.
APA-nın xəbərinə görə, klubun yeni prezidenti Ünal Aysal məşhur mütəxəssislə anlaşdığını rəsmən açıqlayıb. F. Terimin “Qalatasaray”la 3 illik rəsmi müqavilə imzalayacağı bildirilir.
F. Terim 1953-cü ildə Türkiyənin Adana şəhərində dünyaya gəlib. Futbola yerli “Adana Dəmirspor” klubunda başlayıb. Daha sonra “Qalatasaray”a keçib və uzun illər “Qalatasaray”ın və milli komandanın kapitanı olub. 1985-ci ildə futbolçuluq karyerasına nöqtə qoyub. 1987-ci ildə məşqçiliyə başlayıb. Əvvəlcə “Ankaragücü”, sonra “Göztəpə” və Türkiyə U-19 milli komandalarını çalışdırıb. 1996-cı ildə Türkiyə milli komandası tarixində ilk dəfə olaraq F. Terimin rəhbərliyi ilə Avropa çempionatına vəsiqə qazanıb. “Avro-96”dan sonra Terim “Qalatasaray”ın başına keçib. “Qalatasaray” 4 il ardıcıl Türkiyə çempionu olub və 2000-ci ildə UEFA kubokunu qazanıb. F. Terim eyni il Türkiyədən ayrılaraq İtaliyanın “Fiorentina” komandasının, daha sonra isə dünyanın ən böyük futbol klublarından olan “Milan”ın baş məşqçisi olub. “Fiorentina” onun rəhbərliyi ilə İtaliya Kubokunun finalına çıxıb. Lakin Terimin “Milan”dakı karyerası uğursuz olub və o, 2002-ci ildə vətəninə qayıdaraq 2-ci dəfə “Qalatasaray”ın baş məşqçisi olub. Lakin qayıdış uğursuz alınıb və Terim 2004-cü ildə “Qalatasaray”dan ayrılıb. Bir müddət sonra yenidən milli komandaya çağırılan təcrübəli mütəxəssis 2008-ci ildə keçirilən Avropa çempionatında əvvəlki uğurlarını təkrarlayıb. Türkiyə milli komandası F. Terimin başçılığı ilə “Avro-2008”də yarımfinala çıxıb.
F. Terim bugündən etibarən 3-cü dəfə “Qalatasaray”da çalışmağa başlayacaq. APA
DOSTLARINLA PAYLAŞ: