EURO-2012: Dolaşıq qrupda həlledici gün
17 İyun 2012 Bazar 05:54
Almaniya, Portuqaliya, Danimarka, yoxsa, Hollandiya?..
Futbol üzrə Avropa çempionatında bu gün B qrupunun həlledici qarşılaşmaları keçiriləcək. ANS PRESS-in məlumatına görə, Xarkovda Portuqaliya və Hollandiya, Lvovda isə Danimarka və Almaniya milliləri qarşılaşacaqlar. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Bu kvartetdə son tur ərəfəsində dolaşıq vəziyyət yaranıb. Komandalardan heç biri mübarizəni davam etdirmək şansını itirməyib. Qrupa 6 xalla Almaniya millisi liderlik edir. Portuqaliya və Danimarka yığmalarının hərəyə 3 xalı var, Hollandiya yığması isə ilk iki turda xal qazana bilməyib.
Almanlara qrup mərhələsini birinci yerdə tamamlamaq üçün Danimarka millisi ilə heç-heçə kifayət edir. Portuqaliyalılar pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Hollandiya yığması ilə oyunda ən yüksək nəticəni göstərməlidirlər. Bu, portuqaliyalılardan daha çox xal toplamalı olan Danimarka millisinə də aiddir. Heç-heçə qeydə alınsa, üstünlük Portuqaliya millisində olacaq. Hollandiya millisinə gəldikdə isə, onun mübarizəni davam etdirməsi üçün Portuqaliya yığmasına ən azı iki top fərqi ilə qalib gəlməli, Almaniya millisi isə Danimarka yığmasını məğlub etməlidir.
DOSTLARINLA PAYLAŞ: