Bu gün dünya boksunun əfsanəsi Məhəmməd Əlinin ad günüdür.
Bu gün dünya şöhrətli boksçu Məhəmməd Əlinin doğum günüdür. ANS PRESS-in məlumatına görə, əfsanəvi boksçu 70 yaşını qeyd edir. Əsl adı Kassius Martsellus Kley olan boksçu 1942-ci ildə Kentukki ştatının Luisvill şəhərində doğulub. Məhəmməd Əlinin boksla məşğul olması kiçik yaşlarında velosipedinin oğurlanmasından sonra başlayıb. Gələcəyin məşhur boksçusu polisə yaxınlaşaraq oğruları tapacağı təqdirdə, onları möhkəmcə əzişdirəcəyini bildirib. Polis isə öz növbəsində Məhəmməd Əliyə kimisə döyməzdən əvvəl buna yaxşıca hazırlaşmağı məsləhət görüb. O, səhəri gün məşqlərə başlayıb.
Kassius Kleyin həvəskar boksda ən böyük nailiyyəti 1960-cı il Olimpiadası ilə bağlıdır. Həmin yarışda 18 yaşlı boksçu çempion adını qazanıb. Həmin ildə də o, peşəkar boks karyerasına start verib. Məhəmməd Əlinin (bu adı o, 1975-ci ildə islamı qəbul etdikdən sonra götürüb-red.) rinqdə özünün yüksək sürəti və ayaqlarının fantasik hərəkəri ilə seçilirdi.
“Əllər işləyir, gözün görür. Kəpənək kimi uç, arı kimi sanc” – Məhəmməd Əli tərəfindən adlandırılan, özünün boksa gətirdiyi taktiki sxem sonradan dünyanın bir çox boksçuları tərəfindən mənimsənildi. Məhəmməd Əli boksa şou elementləri qatmaqla da tarixi düşüb. O, döyüşdən əvvəl öz çıxışları və bəyanatları ilə boksa hədsiz maraq oyadırdı. Məhəmməd Əli boks tarixində qonorarı ən yüksək olan boksçulardan sayılıb. Onun peşəkar boks karyerası 1981-ci ildə başa çatıb. Boks əfsanəsi həmin il özünün 40 yaşı olmasına baxmayaraq 26 yaşlı Trevor Berbiklə döyüş keçirməkdən çəkinməmişdi. Bu döyüşdə uduzan Məhəmməd Əli peşəkar rinqi tərk etməyin vaxtı gəlib çatdığını hiss edərək karyerasını bitirdi.
Məhəmməd Əli “Əsrin idmançısı”, “İlin boksçusu“ və “Oniliyin boksçusu” titullarına da sahibdir. O, WBC versiyası üzrə ağır çəkidə 1974-78, WBA versiyası üzrə 1967, 1974-1978, 1978 illərdə mütləq çempion olub. Məhəmməd Əli hazırda Parkinson xəstəliyindən əziyyət çəkir. Bir vaxtlar rinqdə sürətli hərəkətləri və kəskin zərbələri ilə boksçuların qorxulu röyasına çevrilən şəxs indi əllərini və ayaqlarını çətinliklə idarə edir. O, müvazinətini saxlamaq üçün xeyli əziyyət çəkir.