Emil Mpenza “Neftçi”də
04 Avqust 2010 Çərşənbə 21:20
Emil Mpenza “Neftçi” ilə müqaviləyə imza atdı.
"Neftçi" klubu mövsümlərarası fasilədə ən çox səs-küyə səbəb olan transferini nəhayət ki, gerçəkləşdirib. Flaqman Belçika milli komandasının hücumçusu Emil Mpenzanı heyətə qatıb. Bu gün klubun bazasında "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.

“Emil Mpenzanın transferində əsas məqsəd "Neftçi"ni gücləndirmək və çempionluğa gedən yolda uğurla addımlamaqdır. İnanıram ki, Mpenza təcrübəsi, istedadı sayəsində komandamıza böyük kömək edəcək. Ötən mövsüm daha çox hücum xəttində problemimiz var idi. Mpenzanın çoxlu qollar vurmaqla, ümidlərimizi doğruldacağına inanırıq”,-deyə Sadıq Sadıqov bildirib.

Emil Mpenza isə "Neftçi"nin uğurları üçün çalışacağını bildirib: "Eşitmişəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Hətta bu komandaya Azərbaycanın "Real Madrid"i deyirlər. Bu, mənim məsuliyyətimi daha da artırır. Belə klubda oynamaq mənim üçün böyük şərəfdir. Qarşıdakı mövsümdə var qüvvəmlə çalışıb, "Neftçi"nin möhtəşəm uğurlar qazanmasına yardım edəcəyəm".

Mpenzaya 10 nömrəli futbolka təqdim olunub.

Qeyd edək ki, "Mançester Siti", "Hamburq", "Şalke" klublarında oynamış Mpenza son komandası İsveçrə "Syon"u olub. O, "Syon"un heyətində son mövsümdə 32 oyuna 21 qol vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar