Elnur Məmmədli yarımfınalda uduzdu
18 Oktyabr 2011 Çərşənbə Axşamı 22:53
Olimpiya çempionumuz Elnur Məmmədli Abu-Dabi şəhərində keçirilən yarışda bürünc medalla kifayətlənməli olub.
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Qran-pri” yarışının son günündə tatami üzərinə 3 idmançımız çıxıb. Həmyerlilərimizdən Elnur Məmmədli yarışa uğurlu başlasa da, yarımfinalda mübarizəni dayandırıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz ilk görüşdə hollandiyalı Robbi van Larhoveni məğlub edib. Növbəti mərhələdə kanadalı Aleksandr Emondla qarşılaşan idmançımız rəqibinin turnirdəki çıxışına son verib.
Cüdoçumuz 1/8 finalda koreyalı Kyu Von Lini, 1/4 finalda isə özbəkistanlı Dilşod Çoriyevi yenərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə idmançımız isveçli Markus Nemanla münasibətlərinə aydınlıq gətirib. Belə ki, Elnur Məmmədli rəqibinə ippon fəndiylə məğlub olaraq bürünc medala layiq görülüb.
90 kq çəkidə mübarizə aparan digər idmançımız Elxan Məmmədov da turnirə qələbə ilə başlayıb. O ilk görüşündə braziliyalı Vinisius Nunyesi, ardınca avstriyalı Maks Şinhoferi məğlubiyyətə uğradıb. Ancaq cüdoçumuz növbəti görüşündə koreyalı Nam Dae Sonqa uduzaraq 5-ci olub. 100 kq-da Elmar Qasımov braziliyalı Leonardo Leyteni yensə də, Pekin olimpiadasının çempionu monqolustanlı Naydan Tuvşinabyarla qarşılaşıb və məğlubiyyət yaşayıb.
Xatırladaq ki, tatami üzərinə çıxmış digər cüdoçularımızdan yalnız Ramilə Yusubova turnirin gümüş medalını qazanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: