Elnur Məmmədli əvvəlki günlərini xatırlatdı
10 Sentyabr 2010 Cümə 15:20
Elnur Məmmədli əvvəlki günlərini xatırlatdı. Cüdoçularımız Tokioda mübarizə aparır.
Bu gün Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə Dünya çempionatında 2-ci yarış gününə start verilib. Tatami üzərinə təmsilçilərimizdən Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) çıxıb. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Elxan Rəcəbli elə ilk gorüşdəcə polşalı rəqibi Lukas Blaça məğlub olaraq mübarizəni dayandırıb.

Yarışda əsas ümidimiz olan Elnur Məmmədli isə mübarizəyə inamla başlayıb. Belə ki, ilk qarşılaşmasında gürcü Georq Şinjikaşvili, daha sonra ardıcıl olaraq portuqaliyalı Joao Neto, isveç Kristof Keller və rusiyalı İvan Nifontov üzərində təmiz qələbələr qazanan idmançımız ¼ finala çıxıb. Bu mərhələdə isə Elnur Məmmədli braziliyalı Flavio Kantonun muqavimətini qıra bilməyərək məğlubiyyət acısı dadıb. Lakin Dünya çempionatının bürünc medalını qazanmaq şansını əldə edən Elnur Məmmədli, bu yolda gərək iki təsəlliverici görüşdə qələbə qazansın. Bu sırada onun ilk rəqibi digər Rusiya idmançısı Siracudin Maqomedovdur.

Bu gün azarkeşlərinə qələbə sevinci bəxş edən digər idmançımız isə Elxan Məmmədov (-90kq) olub. Belə ki, o, ardıcıl olaraq 4 qarşılaşmada Kipr, Qırğızıstan, Argentina və Rusiya idmançıları üzərində vaxtından əvvəl təmiz qələbə qazanaraq yarımfinala çıxıb. Bu mərhələdə finala vəsiqə uğrunda onun rəqibi yunanıstanlı İlias İliadis olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar