Elnur Məmmədli dopinq-testdən keçdi
28 Sentyabr 2010 Çərşənbə Axşamı 16:15
WADA-nın nümayəndələri Fərid Mansurovu yoxlaya bilmədi.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri ötən həftəsonu Bakıya gələrək, Azərbaycanın aparıcı idmançılarını dopinq-testdən keçiriblər. Bu haqda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Rəhimovun sözlərinə görə, WADA nümayəndələrindən 2-si ukraynalı, 1-i isə gürcüstanlı olub. Onlar boks, güləş, cüdo və taekvondo üzrə 8 idmançımızdan sidik analizi götürüblər. Həmin idmançılar cüdo üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli və bürünc mükafatçısı Mövlud Mirəliyev, qadın güləşi üzrə 2009-cu il dünya çempionatının qalibi Yuliya Ratkeviç, sərbəst güləş üzrə Avropa çempionları Çamsulvara Çamsulvarayev və Zəlimxan Hüseynov, taekvondo üzrə Dünya çempionatının bürünc mükafatçısı Rəşad Əhmədov, boks üzrə gənclər arasında dünya çempionları Salman Əlizadə ilə Şaban Şahpələngov olub.

Dopinq zabitləri yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovu, Sinqapurda keçirilmiş Yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında qızıl medal qazanan ağırlıqqaldıranımız Nicat Rəhimovu, eləcə də yığmamıza yenicə cəlb olunan bolqarıstanlı ağır atletlər Rumyana Petkova ilə Silviya Angelovanı da yoxlamaq istəyiblər. Lakin Mansurov hazırda yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi kimi çalışdığı, ağırlıqqaldıranlarımız isə həmin vaxt Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatında olduqları üçün WADA nümayəndələrinin bu istəyi baş tutmayıb. Yoxlamanın nəticələri barədə sonradan məlumat veriləcək.

Qeyd edək ki, apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan yığmasının 2 üzvü - Zülfüqar Süleymanovla (62 kq) Rövşən Fətullayev (94 kq) dopinq-testdən keçə bilməyib. Hər iki atletimizin orqanizmindən istifadəsi qadağan edilmiş dərman preparatı tapılıb. Süleymanov və Fətullayevlə bağlı qərarın tezliklə açıqlanacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar