Əfran İsmayılov tezliklə yaşıl meydana dönəcək
09 Yanvar 2011 Bazar 20:00
22 yaşlı futbolçu Əfran İsmayılov un müalicəsi artıq başa çatmaqdadır.
“Həkimlər zədəmin tam sağaldığını və komanda ilə birgə məşq edə biləcəyimi dedilər”. Bunu Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib. Premyer Liqanın I turunda “Neftçi” ilə oyunda zədələnən gənc yarımmüdafiəçi artıq 5 aydır yaşıl meydandan kənar qalıb. Türkiyədə əməliyyat olunan 22 yaşlı futbolçu sonuncu dəfə müayinədən keçmək üçün iki gündür İstanbula gedib: “Artıq özümü yaxşı hiss edirəm. Sonuncu dəfə müayinədən keçmək üçün İstanbula gəldim. Məni əməliyyat edən Ömər Taş ayağımı aparata salmadan müsbət rəy bildirdi. Əzələmin yerində olduğunu və ayağımın güclü olduğunu dedi. Ondan əlavə, digər həkim İlhan Er də ayağıma baxıb, komanda ilə birgə məşq edə biləcəyimi vurğuladı”.

İki gündür İstanbulda olan Əfran komandaya elə bu şəhərdə qoşulacaq. Qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək Ağdam klubu artıq yola düşüb.

Əvvəlki formasını bərpa etmək üçün çalışacağını deyən millimizin üzvü bunun üçün məşq etməli olduğunu sözlərinə əlavə edib: “Mənə olan ümidlərin böyük olduğunu bilirəm. Ümidləri doğrultmaq və əvvəlki forma bərpa etmək üçün çox çalışacam. Məqsədim əvvəlkindən də yaxşı vəziyyətdə olmaqdır. Həkimlər də heç bir məhdudiyyət qoymayıb. Əvvəlki formamı yığıb “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Əfran İsmayılov yaxınlarda “Qarabağ”la müqaviləsinin müddətini daha 2 illiyə uzadıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar