“Dünyanın ən xoşbəxt insanıyam”
25 May 2011 Çərşənbə 00:39
Kaxaber Sxadadze: “Uduzduğumuza görə qətiyyən utanmıram”
NBC Bank Azərbaycan kubokunun “İnter” - “Xəzər Lənkəran” final oyunundan sonra komandaların baş məşqçiləri mətbuat konfransında fikirlərini bildiriblər.

Kaxaber Sxadadze, “İnter” komandasının baş məşqçisi: “Mən ilk növbədə "Xəzər Lənkəran"ı qələbə münasibətilə təbrik edirəm. Bu gün stadionda möhtəşəm atmosfer var idi. Əvvəlcədən də demişdim ki, layiqli final olacaq, oyuna gələnlər peşman olmayacaqlar. Uduzduğumuza görə qətiyyən utanmıram. Çünki, nə lazımdısa, etdik. Oyunçular da var gücüylə çalışdılar. Ancaq görünür, "Xəzər Lənkəran"ın oyunçuları psixoloji cəhətdən daha möhkəm və inamlı idilər ki, penaltilər seriyasında qələbə qazandılar. Təəssüf ki, Avroliqaya düşə bilmədik. Bununla belə, Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublara uğurlar arzulayıram”.

Mirça Rednik, “Xəzər Lənkəran” komandasının baş məşqçisi: “Dünyanın ən xoşbəxt insanıyam. İl ərzində çəkdiyimiz zəhmətin bəhrəsini gördük. Çempionatda ikinci yeri tutduq, kuboka sahib çıxdıq. Xoş sözlər azarkeşlərə də aiddir. Kuboku onlara və komanda rəhbərliyinə həsr edirik. Rəqibin kuboku qazanmaq istəyini bilirdik. Bu onların avrokuboklara yollanmaq üçün son şansı idi. Amma komandamız sonadək mübarizə aparıb, istəyinə çatdı”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar