Dünya şöhrətli məşqçi ölkəmizdə ilk məşqə çıxıb
17 İyun 2010 Cümə Axşamı 10:35
Vinfred Şafer “Bakı” klubunun oyunçularının topla davranışlarına fikir verib.
Ötən həftə “Bakı” futbol klubu ilə iki illik müqavilə imzalayan Vinfrid Şefer komandanı ilk məşqinə çıxarıb. Klubun bazasında təşkil olunan və komanda üzvləri ilə tanışlıq xarakteri daşıyan məşq 1 saata qədər davam edib.

Klubdan verilən məlumata görə, hələ də məzuniyyətdən dönməyən legioner futbolçuların yoxluğunda meydana çıxan komanda məşqə 15 nəfərlə qatılıb. Adnan Bərəkət, Mahmud Qurbanov, Əziz Quliyev, Elvin Əliyev, Rafael Əmirbəyov, Cəmşid Məhərrəmov, Əhməd Ticani, Aqil Məmmədov, Rəhman Hacıyev, Hacı Əhmədov, Vadim Borets, Səbuhi Həsənov, Bəxtiyar Soltanov, Emin Cəfərquliyev məşqdə iştirak edən futbolçular sırasında olublar. Hazırlıq çərçivəsində futbolçular isinmə hərəkətindən sonra topla çalışmalara keçiblər. Komandanın baş məşqçisi Vinfrid Şefer oyunçuların topla necə davrandığına diqqət yetirib.

Xatırladaq ki, Şefer 2002-ci ildə Kamerun millisi ilə Afrika Millətlər Kubokunu, 2003-cü ildə FİFA Konfederasiya Kubokunun gümüş mükafatını qazanıb. 2006-ci ildə (Birləşmiş Ərəb Əmirlikləri) BƏƏ çempionu, 2008/2009 mövsümündə BƏƏ superkuboku və prezident kubokunu, 2009/2010 mövsümündə isə ölkə superkubokunu qazanıb. Vinfred Şefer 1996-cı ildə Almaniyanın, 2004-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar