Dünya Kubokunda Azərbaycan-Ermənistan qarşıdurması
29 Yanvar 2011 Şənbə 13:00
Cüdoçularımız Tiflisdə keçirilən turnirdə bədnam qonşularımıza rəqib olublar.
Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə Dünya Kuboku yarışlarına start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günü 12 azərbaycanlı cüdoçu medallar uğrunda mübarizəyə qoşulublar. 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli ilk görüşündə rusiyalı idmançı Yaqub Şamilova qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Onun növbəti mərhələdə rəqibi yerli idmançı Paata Medrebaşvili olacaq. Tiflisdə əsas diqqətlər şübhəsiz ki, erməni idmançılarla qarşılaşacaq azərbaycanlı cüdoçulara yönələcək. Belə idmançılarımızdan biri də 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyevdir. Bakıda keçirilən “World Masters” seriyalı turnirin bürünc mükafatçısı İlqarMüşkiyev erməni Qriqor İvanyanla qarşılaşacaq.
66 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov da erməni rəqiblə görüşə bilər. Bunun üçün idmançımız ilk növbədə ukraynalı Serih Drebot üzərində qələbə qazanmalıdır. Erməni idmançı Hamburdzum Tonoyan isə bolqarıstanlı Dmitri Serşan üzərində qələbə qazanaraq idmançımıza rəqib ola bilər. Artıq idmançılarımızdan 6-sı Dünya Kubokunda mübarizələrini başa vurublar. Digər cüdoçularımız isə bu gün tatamiyə çıxacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: