Dünya çempionatında daha bir boksçumuz mərhələ adladı
30 Sentyabr 2011 Cümə 22:33
64 kiloqram çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacıyevi olimpiya lisenziyasından cəmi iki döyüş ayırır.
Bakıda keçirilən boks üzrə dünya çempionatında növbəti döyüşlər keçirilib. Yarışın 5-ci günü təmsilçilərimiz üçün uğurlu alınıb.

64 kiloqram çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacıyev 1/32 finalda misirli rinq ustası Əli İslamla münasibətlərinə aydınlıq gətirib. Son Avropa çempionatının bürünc mükafatçısı həmkarına heç bir şans verməyərək rəqibi üzərində inamlı qələbə qazanıb. Birinci raunddan təşəbbüsü ələ alan Heybətulla rəqibinə 4 inamlı zərbə endirib. Misirli boksçü isə bu zərbələrdən yalnız birinin cavabını verə bilib. İkinci hissə başlayan kimi boksçumuz hücumlarının və zərbələrinin kəsərini artırıb. Bunun məntiqi nəticəsi kimi isə Misir boksçusu noqdauna düşüb. İkinci raundu da Heybətulla Hacıyev 10-5 hesabı ilə öz xeyrinə başa vurub.

Sonuncu hissədə qələbəyə ümidini itirən Misir idmançısı yalnız rinqin küncünə sığınmaqla müdafiyəyə çəkilib. Amma burada da rəqibinə aman verməyən boksçumuz onu noqdauna salıb. Yalnız vaxt azlığı boksçumuza nokautla qələbə qazanmağa imkan verməyib. Ümumi hesabda 15-7 hesablı qələbə Heybətullanı növbəti mərhələyə çıxarıb.

İndi boksçumuzu olimpiya lisenziyasından cəmi iki döyüş ayırır. Qeyd edək ki, sabah rinqə daha bir Azərbaycan boksçusu çıxacaq. Bu 60 kiloqramda mübarizə aparan Elvin İsayevdir. Xatırladaq ki, rinqə çıxmış 4 boksçumuzdan ikisi qələbə qazansa da, digər ikisi məğlub olaraq turnirlə vidalaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar