Dünya boksunun əfsanələrindən biri öldü
28 May 2012 Bazar Ertəsi 13:11
46 yaşlı Coni Tapianın meyidi yaşadığı evdə aşkar edilib.
Dünya boksunun əfsanəvi simalarından biri olan Coni Tapia ölüb. ANS PRESS-in məlumatına görə, beşqat dünya çempionu 46 yaşında dünyasını dəyişib. C. Tapianın meyidi yaşadığı evdə aşkar edilib. Boksçunun ölüm səbəbi hələ ki, müəyyənləşdirilməyib.
“O, dəfələrlə ölümün bir addımlığında olduğu üçün inanmaq çətindir ki, nəhayət bu baş verdi”, - deyə C. Tapianın dostlarından biri bildirib. Coni Tapia 1967-ci ildə Albukerkedə doğulub. Onun atası oğlu doğulmamışdan əvvəl dünyasını dəyişib. Tapianın anası onun bir yaşı tamam olanda dünyadan köçüb. Coni Tapia peşəkar boksda parlaq karyerasına 1988-ci ildə başlayıb. Peşəkar boksda keçirdiyi ilk il ərzində o, beşi nokautla olmaqla səkkiz döyüşdə qələbə qazanıb.
1997-ci ildə isə İBF versiyası üzrə çempion olan Coni Tapia sonradan narkomaniya və xroniki depressiya ilə mübarizə aparmağa başlayıb. Boksçu dəfələrlə kokain saxladığına görə, həbs edilib. O, 1999-cu ildə böks döyüşlərindən birində məğlub olduqdan sonra intihara cəhd etmişdi. Coni Tapia peşəkar rinqdə son döyüşünü ötən ilin yayında kolumbiyalı Maurisio Pastranuya qarşı keçirmişdi. Həmin döyüş Coni Tapianın xal hesablı qələbəsi ilə başa çatmışdı.
DOSTLARINLA PAYLAŞ: