Döyüşçülərimiz erməni rəqiblərini rüsvay etdilər
29 Sentyabr 2010 Çərşənbə 13:05
Sərbəst döyüş növü üzrə Dünya Kubokunda idmançılarımız parlaq çıxış ediblər.
Sərbəst döyüş növünü seçmiş idmançılarımız Gürcüstanda təşkil olunmuş Dünya kuboku uğrunda yarışda uğurla çıxış edib. Turnirdə ölkəmizin idman şərəfini qorumuş 7 döyüşçümüzdən 6-sı vətənə medalla qayıdıb. Mükafat qazanan idmançılarımızdan 2-si qarşısına çıxmış erməni rəqiblərini əzişdirməklə bu uğura imza atıb.
Üslub baxımından qaydasız döyüşü xatırladan sərbəst döyüş növü üzrə Dünya kuboku uğrunda yarışda ilk olaraq 60 kq-da mübarizə aparmış Vüqar Kərimov rinqə çıxıb. Finala qədər inamla irəliləmiş Vüqar qızıl medal uğrunda döyüşdə erməni rəqibinə aman verməyib. Amma erməni döymüş idmançımız təkcə Vüqar olmayıb. 65 kq-da qüvvəsini sınamış Ehtiram Dərişov finalda Andranik Karapetyanı məğlub edib. Ağırlığı 75 kq-a qədər olan idmançılarla yarışmış Vaqif Kərimovun da qarşısına erməni idmançısı çıxıb. Amma bu erməni əsl simasını üzə çıxarmaqla döyüşməkdən də imtina edib. Belədə rəqibi üzərində texniki qələbə qazanmış Vaqif yalnız həlledici mərhələdə məğlub olaraq gümüş medala sahib çıxıb.
Eyni nəticəni 95 kq-da döyüşmüş Natiq Quliyevlə, Yusif Pirov da təkrarlayıb. Dünya kuboku uğrunda yarışa aparılmış yeganə xanım təmsilçimiz Dilarə Həsənova da fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla yığma komandamızın aktivinə növbəti qızıl medalı qazandırıb. Qeyd edək ki, sərbəst döyüşçülərimizi qarşıda Açıq Asiya çempionatı gözləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: