Dövlət strukturlarına dünya çempionatının keçirilməsi ilə əlaqədar tapşırıq verilib
02 İyul 2012 Bazar Ertəsi 19:28
İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsini təmin etmək haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək haqqında sərəncam imzalayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə təkliflərini 10 gün müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirləri görməlidir.
Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, FİFA nümayəndə heyətinin üzvlərinin, FİFA konfederasiyaları və FİFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionat və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etmələri tapşırılıb.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görülməsini təmin etsin. Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı FİFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsinlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görmələri, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna isə çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etmələri tapşırılıb.
Sərəncamda deyilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı FİFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsinlər.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: