Devid Hey Odli Harrisonu nokauta saldı
14 Noyabr 2010 Bazar 04:25
Britaniyalı boksçu Devid Hey WBA çempionu titulunu qorumağı bacardı.
Boks üzrə dünya çempionu, britaniyalı Devid Hey superağır çəki dərəcəsində WBA versiyası üzrə çempion titulunu qoruyub. O, Mançesterdəki döyüşdə həmvətəni Odli Harrisonu üçüncü raundda nokauta salıb.

İlk iki raund mövqe mübarizəsi şəraitində keçib. Yalnız ikinci raundun sonlarında Devid Hey rəqibinə ilk təhlükəli zərbəni endirib. Sidney olimpiadasının qalibi, 39 yaşlı Odli Harrisonun döyüşə yüksək hazırlıqla gəlmədiyi hiss olunub.

Dünya çempionu daha ağır çəkili rəqibindən sürətli və dəqiq döyüşüb. O, üçüncü raundun əvvəllərində Odli Harrisona dalbadal bir neçə zərbə endirib. Raundun ortalarında isə Devid Heyin sağ əli ilə vurduğu zərbə Odli Harrisonu döşəməyə sərib. O, nokdaundan sonra da döyüşü davam etdirməyə çalışsa da, cəmi on saniyədən bir qədər artıq duruş gətirə bilib. Devid Heyin növbəti güclü zərbəsindən sonra hakim üçüncü raundun başa çatmasına 1 dəqiqə 8 saniyə qalmış dayandırıb.

Devid Hey peşəkar rinqdə 25 dəfə qələbə (23 dəfə vaxtından əvvəl) qazanıb, cəmi bir dəfə nokautla məğlub olub. Odli Harrison isə rinqi 27 dəfə qalib kimi tərk edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar