Devid Bekhem 2012-ci il Olimpiya məşəlini aparacaq
19 May 2011 Cümə Axşamı 10:55
Londonda Olimpiya Oyunlarının məşəlini aparanların 90%-i adi vətəndaşlar olacaq
2012-ci ildə Böyük Britaniya paytaxtı Londonda keçiriləcək Olimpiya oyunlarına az vaxt qalıb. Olimpiya oyunlarından 70 gün əvvəl, daha doğrusu, 2012-ci il mayın 18-də Olimpiya məşəli Yunanıstandan gətirilərək Böyük Britaniyanın iri şəhərləri və ucqar adalarını dolaşacaq.

Olimpiya təşkilatçıları 74 yer adını açıqlayıblar ki, bu ərazilərdə də 8000 adam Olimpiya məşəlini daşıyacaq. 12874 kilometrlik yol Kornvolda Lənds-End adlı yerdə başlayacaq, səfərin 66-cı günündə isə təşkilatçılar gecə şənlikləri keçirməyi planlaşdırırlar.

Olimpiya məşəli İngiltərənin Mançester və Birminqem kimi iri şəhərlərindən, Uelsin paytaxtı Kardiffdən və Şotlandiyanın paytaxtı Edinburqdan keçəcək. Şimali İrlandiyanın da bir neçə şəhərinin sakinləri Olimpiya məşəlinin aparılmasına şahid olacaqlar. Olimpiya məşəli bir həftə Londonda saxlandıqdan sonra iyulun 27-də Olimpiya Stadionunda açılış mərasimini işıqlandıracaq.

Məşəli aparanların 90 faizi isə internetdən müraciət etmiş adi vətəndaşlar olacaq. Məşəl aparanlar arasında məşhur futbol ulduzlarının, o cümlədən futbol üzrə İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhemin də olacağı gözlənilir. Olimpiya məşəlinin dizaynı isə London şirkətlərindən birində hazırlanıb və yaxın gələcəkdə ictimaiyyətə təqdim ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar