Daha bir idmançımız Olimpiadaya lisenziya əldə etdi
03 Sentyabr 2011 Şənbə 16:37
Avarçəkən Aleksandr Aleksandrov Londonda ölkəmizi təmsil edəcək
Belçikanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi nailiyyətə imza atıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Aleksandrov kişilərin mübarizəsində lazımi nəticəni göstərərək, ölkəmizə London olimpiadasına daha bir lisenziya qazandırıb. Avarçəkənimiz bu uğura 2000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə sahib çıxıb.

Bu gün keçirilən yürüşdə Aleksandrov 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalında 3-cü yeri tutub. O, finişə 6 dəqiqə 58,14 saniyəyə çatıb. Avarçəkənimiz litvalı Mindauqas Qriskonis (6:56.55) və kubalı Angel Furnier Rodrigesdən (6:57.83) geri qalsa da, çinli Lianq Çanq (6:59.47), ABŞ təmsilçisi Kennet Jurkovski (7:01.62) və bolqarıstanlı Georgi Bojilovu (7:09.03) üstələməyi bacarıb. Beləliklə, Aleksandrov ümumi sıralamada 9-cu yeri tutub. Bu isə idmançımızın London olimpiadasına vəsiqə qazanmasına kifayət edib. Çünki qaydalara əsasən, olimpiya lisenziyası üçün dünya çempionatında kişilərin yarışında ilk "11-liy”ə düşmək kifayət edirdi.

Beləliklə, ölkəmiz 2012-ci il London Yay Olimpiya Oyunlarında daha bir yeni idman növündə təmsilçilik hüququ qazanıb. Dünya miqyasında akademik avarçəkmə yarışlarını ayrıca federasiya təşkil edir. Bu, FİSA - Beynəlxalq Akademik Avarçəkmə Federasiyasıdır. Kayak və kanoe üzrə yarışlar isə İCF - Beynəlxalq Kanoe Federasiyasının bayrağı altında keçirilir. Ona görə də akademik avarçəkmə növündə qazanılan lisenziya müstəqil Azərbaycan idmanında tarixi uğur kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, ölkəmizdə həm akademik avarçəkmə, həm də kayak və kanoe növlərinə cavabdehliyi yalnız AMAF – Azərbaycan Milli Avarçəkmə Federasiyası daşıyır. Daha öncə 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də London olimpiadasına vəsiqə qazanıb. Kanoe və akademik avarçəkmə növlərində 4 idmançımızın olimpiadaya vəsiqəyə sahib çıxması cəmi 5 ildir fəaliyyət göstərən AMAF-ın səmərəli işindən xəbər verir.

Lakin bu, hələ son deyil. Sabah qadın akademik avarçəkənimiz Nataliya Mustafayeva da London olimpiadasına lisenziya qazana bilər. Bunun üçün Mustafayeva B finalında ilk "3-lüy”ə, başqa sözlə, ümumi sıralamada ilk "9-luğ”a girməyi bacarmalıdır. Qadın idmançımız bu gün keçirilən yarımfinal yürüşündə ilk "3-lüy”ə düşə bilsəydi, lisenziyanı daha tez təmin edəcəkdi. Lakin o, çinli Xiuyun Çanq (7:32.44), belaruslu olimpiya və dünya çempionu Yekaterina Karsten (7:32.69), isveçli dünya çempionu Frida Svensson (7:33.41), 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu, litvalı Donata Vistartayte (7:42.51) və ABŞ təmsilçisi Jenevra Stoundan (7:49.00) geri qalaraq, 6-cı yeri tutub. Mustafayeva finişə 7 dəqiqə 55,26 saniyəyə çatıb. Avarçəkənimiz ilk "3-lüy”ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb.

Dünya çempionatındakı daha bir təmsilçimiz, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Kamal Məmmədov isə 14-cü yeri tutub. Məmmədov bu gün keçirilən C finalında finişə 7 dəqiqə 39,81 saniyəyə çatarıb. O, yalnız portuqaliyalı Dioqo Pineyrodan (7:31.37) geri qalsa da, əlcəzairli Sid Budina (7:42.03), anqolalı Heraklito Gimarayeş (7:52.89), tailandlı Ruttanapol Teppibal (7:55.87) və və ermənistanlı Gevorq Adamyanı (9:09.50) qabaqlayıb.

Xatırladaq ki, bu lisenziya idmançılarımızın London Oplimpiadasına qazandıqları sayca səkkizinci lisenziya olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar