Cüdoçularımız World Masters turnirində özlərinə bənzəmirlər
14 Yanvar 2012 Şənbə 12:12
Cüdoçularımız World Masters turnirində özlərinə bənzəmirlər. Almatıda keçirilən yarışda 3 idmançımız ilk görüşdəcə uduzub.
Bu gün Qazaxıstanın Almatı şəhərində cüdo “World Masters” seriyalı turnirə start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın ilk günü 4 Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb. İdmançılarımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev meydana çıxıb. Təəssüf ki, İlqar Müşkiyev ilk görüşdəcə fransalı Sofian Milusa ipponla məğlub olub.

66 kq çəki dərəcəsində yarışan Tərlan Xəlilov da “World Masters” seriyalı turnirə məğlubiyyətlə başlayıb. Cüdoçumuz Monqolustanı təmsil edən Tsaqanbatar Xaşbatara uduzub. Qadın cüdoçularımızdan Kifayət Qasımovanın (57 kq) da turnirdə debüt döyüşü uğursuz alınıb. Cüdoçumuz Braziliya təmsilçisi Rafaela Silvaya məğlub olub.

Komanda üzvlərimizdən yalnız Ramilə Yusubova (63 kq) ümidləri doğruldub. Ramilə ilk döyüşündə İsrail komandasının üzvü Alis Şlezingeri mübarizədən kənarlaşdırıb. Ramilə Yusubovanın ¼ finaldakı rəqibi yapon Miki Tanaka olacaq.

Qeyd edək ki, komandamızın əsas medal ümidlərindən sayılan Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) Almatıda mübarizəyə başlamayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar