Cüdoçularımız ilk günündə dörd medal qazandılar
09 Oktyabr 2011 Bazar 00:47
Cüdoçularımız Dünya kubokuun ilk günündə dörd medal qazandılar
“Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında cüdo üzrə Dünya kuboku yarışının final mərhələsi start götürüb. Cüdosevərlər Azərbaycan idmançılarının iştirakı ilə keçirilən maraqlı final qarşılaşmasının şahidi olublar.

AzərTAc xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan azərbaycanlı cüdoçular İlqar Müşkiyevlə Vüqar Şirinli final qarşılaşmasınadək bütün rəqiblərini məğlub ediblər. Fransada keçirilən son dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyev estoniyanı təmsil edən həmyerlimiz Elnur Əliyevi, türkiyəli Şahin Əhməd Kabanı və yarımfinalda rusiyalı Yevgeni Kudyakovu məğlub edərək finala yüksəlib. Müşkiyevin finaldakı rəqibi Vüqar Şirinli isə ilk görüşdə türkiyəli Murad Doğanı, İranı təmsil edən erməni əsilli Ehsan Bəhramyanı və nəhayət yarımfinalda latviyalı Andres Magersi üstələyərək həlledici görüşə vəsiqə qazanıb. Vüqar Şirinli finalda İlqar Müşkiyevi ipponla məğlub edərək Dünya kuboku uğrunda turnirin qalibi olub.

66 kq çəki dərəcəsində son Avropa çempionatının gümüş mükafatçısı Tərlan Kərimov da turnirin qızıl mükafatını alıb. T.Kərimov ilk görüşdə əvvəlcə qazaxıstanlı Mercan Kaltayevi, növbəti mərhələdə isə gürcüstanlı Georqi Mikalavişvilini ipponla üstələyib. Yarımfinalda moldovalı İqor Sorokanı məğlub edən Tərlan Kərimov finalda türkiyəli Mehmet Durmaza qalib gələrək ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

Azərbaycanlı cüdoçu Rüstəm Orucov 73 kq çəki dərəcəsində yarışa qələbə ilə başlayıb. O, ilk görüşdə qazaxıstanlı Bekzat Manasbayevə, ardınca Nikolas Delpopoloya (ABŞ) qalib gəlib, yarımfinalda moldovalı Viktor Skvortova uduzub. Rəqibin finala çıxması həmyerlimizə bürünc medal uğrunda yarışmaq imkanı qazandırıb. İlk təsəlliverici görüşdə ukraynalı Anton Tişenkonu məğlub edən Rüstəm Orucov üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Stanislav Skryabinə qalib gələrək dünya kubokunun bürünc medalına sahib olub. Finalda moldovalı Viktor Skvortov türkiyəli Hasan Vanlıoğluya qalib gələrək Dünya kubokunun qızıl mükafatına layiq görülüb.

Beləliklə də paytaxtımızda keçirilən kişi cüdoçular arasında Dünya kuboku turnirinin ilk günü idmançılarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar