Cüdoçularımız ilk günündə 2 medal qazandılar
12 İyun 2011 Bazar 04:44
İlqar Müşkiyev qızıl, Nicat Şıxəlizadə isə bürünc medal əldə edib
Estoniya paytaxtında cüdo üzrə Dünya Kubokunda Azərbaycan komandası uğurlu start götürüb. AzərTAc xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən iki cüdoçumuz medal qazanıb. Finalda Latviya nümayəndəsi Andreys Maqersə qalib gəlmiş İlqar Müşkiyev qızıl medal qazanıb, Nicat Şıxəlizadə isə üçüncü yerlə kifayətlənməli olub.
Start görüşündə Ukrayna nümayəndəsi Gevorq Xaçatryana qalib gəlmiş İ.Müşkiyev, növbəti görüşdə isveçli Aleksandr Lundkvisti məğlub edib. Bu qələbədən sonra yarımfinala çıxmış İlqar Finlandiya idmançısı Yuxo Reynvall ilə görüşü də qələbə ilə başa vurub. Finalda İ.Müşkiyev latviyalı Andreys Maqersi “vadza-ari” fəndi ilə məğlub edib.
Eyni çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə əvvəlcə britaniyalı Qreq Varrey ilə qarşılaşıb. Bu görüşdə “ippon” fəndi sayəsində qalib gəlmiş həmyerlimiz növbəti rəqibi finlandiyalı Valter Yokinnenə uduzub. Lakin Nicat bürünc medal qazanmaq şansından məharətlə istifadə edib. O, əvvəlcə isveçli Olle Sandstremi “ippon” fəndi ilə məğlub etmiş, sonra isə finlandiyalı Yuxo Reynvalla qalib gəlib.
66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov, obrazlı şəkildə desək, medalın bir addımlığında dayanıb. Əvvəlcə çex David Dubskiyəyə (“vadza-ari”), sonra isə ukraynalı Sergey Piliyevə (“ippon”) qalib gəlmiş həmyerlimiz finlandiyalı Niko Tapio Niyemelodan da üstün olduğunu göstərib. Lakin yarımfinalda rusiyalı Maksim Kuznetsova uduzmuş (“vadaz-ari”) Tərlan təsəlli döyüşündə Ukrayna nümayəndəsi Sergey Drebotun öhdəsidən gələ bilməmiş, ona “ippon” fəndi ilə uduzub.
Digər cüdoçularımız mübarizəni daha tez dayandırmalı olublar. Asim Xələfov (60 kq) britaniyalı Ceyms Millara, Rüstəm Orucov (66 kq) isə digər ingilis Natan Börnsə uduzub.
73 kq çəki dərəcəsində Ramil Qasımov ilk görüşdə litvalı Arturas Mayboradanı məğlub edib, lakin növbəti görüşdə İsrail nümayəndəsi Yozef Palilaşvili Ramildən üstün olduğunu göstərib. Nadir Babayev birinci döyüşdə qanalı Emmanuel Narteyi üstələyib, sonra isə Həsən Yılmaza uduzub. Eldar Qasımovun sloveniyalı rəqibi Saso Jereb də həmyerlimizdən güclü olub.
DOSTLARINLA PAYLAŞ: