Əjdahaların Bakıda rinqə çıxmamalarının əsl səbəbi
22 Noyabr 2010 Bazar Ertəsi 14:45
Azərbaycan Boks Federasiyası məsələyə aydınlıq gətirib
Bakıda Boks üzrə Dünya Seriyasının ilk mərhələsi keçirilib. “Sərhədçi” Olimpiya mərkəzində təşkil olunan mərasimdə Azərbaycanın “Bakı Alovu” (Baku Fires) komandası ilə Çinin “Pekin Əjdahaları” (Beijing Dragons) kollektivi üz-üzə gəlib. Ancaq yarışa çinli qonaqlarımızın günahı ucbatından bir qədər kölgə salınıb. Yarışdan əvvəl iki klubun 5 döyüşçüsünün üz-üzə gələcəyi nəzərdə tutulsa da mübarizə günü “Pekin Əjdahaları” komandasının 3 boksçusu rinqə çıxmaqdan imtina edib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 3 çin boksçusundan birinin rinqə buraxılmamasına səbəb onun çəkisinin normaya uyğun olmaması olub. 85 kq çəki dərəcəsində yarışmalı olan Xuetszi Jiaonun çəkisinin əslində 78 kq olduğu müəyyənləşdirilib. Yarışın təşkilatçısı Dünya Boks Seriyasının (WSB) supervayzeri Abdullah Bessalami isə idmançıya digər çəki dərəcəsində döyüşməyi təklif etsə də çinli döyüşçü bunu qəbul etməyərək rinqə çıxmaqdan imtina edib.

Digər iki boksçu isə əlcək problemi yarandığı üçün döyüşməkdən imtina edib. Çinli boksçular özləri ilə gətirdikləri əlcəklərdə döyüşmək istəsələr də WSB nümayəndələri buna imkan verməyiblər. Yarışın reqlamentinə əsasən idmaçılar WSB-nin təqdim etdiyi əlcəklərdə döyüşməliymişlər.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, WSB nümayəndələri çinli idmançılara əlcəklərini dəyişərək döyüşə qatılmalarını təkid etsələr də onlar rinqə çıxmaqdan boyun qaçırıblar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yaxın günlərdə Dünya Boks Seriyası “Pekin Əjdahaları” klubu ilə bağlı qərar qəbul edəcək. Kluba pul cəriməsinin veriləcəyi gözlənilir.

Qeyd edək ki, “Pekin Əjdahaları” klubu yarışın təşkilatçılığı ilə bağlı Azərbaycan Boks Federasiyasına qarşı hər hansı iddia irəli sürməyib.

Xatırladaq ki, “Bakı Alovu ” bu görüşdə rəqibini 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin WSB-da növbəti görüşü noyabrın 27-də Qazaxıstanın “Astana Arlans” komandasına qarşı olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar