Çimərlik futbolu üzrə Tissot kuboku turniri keçirilib
23 İyul 2012 Bazar Ertəsi 09:43
Natiq İsmayılov: “Oyunun qalibinə “Tissot” saatı hədiyyə edəcəyik”.
Bu gün Milli Mətbuat gününə həsr olunmuş kütləvi informasiya vasitələri arasında çimərlik futbolu üzrə “Tissot kuboku” turnirinə start verilib. Oyunlar “Dalğa” çimərlik futbolu stadionunda keçirilib.
“Tissot kuboku” turnirində ümumilikdə 6 komanda qələbəyə iddia edib. Oyunlar olimpiya sistemi, yəni uduzan mübarizəni dayandırır prinsipi ilə keçirilib.
“Tissot”un nümayəndəsi Natiq İsmayılovun sözlərinə görə, VMF şirkəti “Tissot” kompaniyasını Azərbaycanda təmsil edir: “Bu saatlar 1953-cü ildən İsveçrədə istehsal olunur. Oyunun qalibinə də əlbəttə ki, “Tissot” saatı hədiyyə edəcəyik. Digər hədiyyələrimiz də var. Əsas məqsədimiz Mətbuat günün qeyd olunmasıdır”.
Qeyd edək ki, yarışın açılış oyununda ANS TV və AZ TV komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma sonda AZ TV-nin 3-2 qələbəsi ilə başa çatıb.