Ceyhun Sultanov Bakı klubuna qayıdır?
01 May 2011 Bazar 16:28
Bu mövsüm "Gəncə"yə keçən futbolçu Ceyhun Sultanov yenidən iddialı klubların diqqət mərkəzinə düşüb.
Bu mövsüm "Gəncə"yə keçən və yenidən özündən söz etdirməyə başlayan Ceyhun Sultanov iddialı klubların diqqət mərkəzinə düşüb. Fanat.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın aparıcı klubları maraqlanır.

Sultanovu heyətində görmək istəyən klublardan birinin də "Bakı" olduğu bildirilir. Yayda heyətindəki yerli futbolçuların sayını artırmaq istəyən paytaxt təmsilçisinin təcrübəli yarımmüdafiəçini transfer etmək istədiyi deyilir.

Qeyd edək ki, Ceyhun Sultanov karyerasına "Bakı"da başlayıb. Belə ki, o, 1998-1999 mövsümündə həmin vaxt "Dinamo" adlanan indiki "Bakı"nın formasını geyinib. 2003-2004-cü ildə İranın "Maşınsazi" klubunun şərəfini qoruyan futbolçu 2004-2006 mövsümündə yenidən "Bakı"da çıxış edib. 2006-cı ildə "Xəzər Lənkəran"a transfer olunub və 2010-cu ilə qədər cənub təmsilçisinin uğurları üçün tər töküb. Ötən ilin yayında isə "Gəncə"yə yollanıb.

Ceyhun 1998-2007-ci illərdə 14 dəfə milli komandanın formasını geyinib və 1 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar