Çempionlar Liqasının satılmış oyunları
20 Noyabr 2009 Cümə 20:10
Çempionlar Liqasının satılmış oyunları faktı hazırda Almaniya polisi tərəfindən araşdırılır
Dünən saytımızda Almaniya polisinin Avropanın aparıcı futbol çempionatlarında əvvəlcədən razılaşdırılmış oyunlarla bağlı həbslərə başladığı barədə məlumat yaymışdıq. Bu gün artıq məlum olub ki, qitənin bəzi ölkələrində satın alınmış futbol oyunları ilə əlaqəli 15 nəfər tutulub. Bu barədə Almaniyanın Baş Prokurorluğunun məlumatında bildirilir.
Prokurorluq nüməyəndəsinin bildirdiyinə görə, nüfuzlu Çempionlar Liqası turnirinin üç oyunu daxil olmaqla hələlik 10 ölkədə 200 danışılmış oyun müəyyən edilib.
Xatırladaq ki, Almaniya polisi oyunların əvvəlcədən razılaşdırılmasının təşkili ilə məşğul olan beynəlxalq cinayətkar dəstəni təqib edir. Sözügüdən dəstə Avropanın güclü futbol liqalarında çıxış edən futbolçuların, o cümlədən məşqçi, hakim və vəzifəli şəxslərin satın alınmasında şübhəli bilinir. Belə ki, onlar həmin şəxsləri pulla satın alaraq oyunların nəticələrinə təsir göstərir ki, bu da cinayətkarların bukmeker kontorlarında milyonlar qazanmasına gətirib çıxarır.
Avropa futbolunda razılaşdırılmış oyunların araşdırılması kampaniyasını məhz Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) başlayıb. Qurum bunun üçün “Early Warning Detective System” proqramı da buraxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: