Çempionlar Liqasında ilk yarımfinalçılar məlum oldu
15 Aprel 2009 Çərşənbə 12:00
Çempionlar liqasının 2008-09-cu il mövsümünün ilk yarımfinal cütlüyündə “Barselona” və “Çelsi” qarşılaşacaq

Futbol üzrə UEFA çempionlar liqasının 2008-09-cu il mövsümünün ilk yarımfinal cütlüyü artıq məlumdur. Bu, “Barselona” və “Çelsi” duelidir. Əvvəlcə İngiltərə təmsilçisi “Çelsi” barədə. Zadəganlar 1/4 final mərhələsinin ingilis qarşıdurmasından qalib ayrılaraq yarımfinala yüksəliblər. “Liverpul” “Çelsi” səddini aşa bilməyib. Bu iki kollektivin bir həftə əvvəl “Enfild Roudd”a baş tutmuş matçında Quus Hiddinkin yetirmələri 3-1 hesablı qələbə qazandığından artıq londonluların asanlıqla yarım finala yüksələcəyi ehtimal olunurdu. Amma məhz “Liverpul”un əzmkarlığı sayəsində cavab qarşılaşması həddindən artıq maraqlı keçib. Bunun məntiqi nəticəsi olub ki, meydana toplaşmış azarkeşlər qapılara vurulmuş 8 qolun şahidi olublar.  Artıq ilk yarım saatın tamamında "Liverpul" ümumi hesabı bərabərləşdirə bilib. Hesabı 19-cu dəqiqədə Fabio Aurelio açıb. O, cərimə zərbəsindən gözəl qola imza ataraq, qonaqları hesabda irəli çıxarıb, 1-0.

Bu qoldan sonra ruhlanmış Rafayel Benitesin yetirmələri hücumlarının kəsərini daha da artırıblar və bu üstünlük 28-ci dəqiqədə növbəti dəfə öz bəhrəsini verib. Kobud oyuna görə “Çelsi”nin qapısına təyin olunmuş penaltini Xabi Alonso dəqiq yerinə yetirib, 2-0. Bu eyni zamanda ilk hissənin hesabı olub. “Çelsi” ikinci hissəyə qolla başlayıb. 47-ci dəqiqədə Didyö Droqbanın fərqlənməsinə “Liverpul”un qapıçısı Reynanın kobud səhvi də kömək olub, 2-1. 10 dəqiqə sonra isə hesab bərabərləşib. “Çelsi”nin heyətində müdafiəçi Rodriqo Aleks cərimə zərbəsindən möhtəşəm qola imza atıb, 2-2. Liverpullular buraxılmış qolun şokundan ayılmamış növbəti dəfə meydanın mərkəzinə dəvət olunublar. 76-cı dəqiqədə Frank Lampard görüşdə ilk dəfə olaraq “Çelsi”ni hesabda irəli çıxarıb, 3-2. Amma, bu da “Liverpul”u sındırmayıb. Müvafiq olaraq 81-83-cü dəqiqələrdə Lukas Leyva və Dirk Kuytun vurduğu qollarla qonaqlar yenidən ümüdləniblər, 4-3. Oyunun başa çatmasına 1 dəqiqə qalmış isə Lampard bu ümüdləri alt-üst edib. Məhz Frankın dubl etməsi matçın nəticəsi ilə yanaşı, “Çelsi”nin yarımfinala yüksəlməsini də rəsmiləşdirib, 4-4.

Günün digər matçı isə Almaniyanın “Alyans Arena” stadionunda keçirilib. İlk oyunda 0-4 hesabı ilə darmadağın olmuş “Bayern Münhen”, doğma azarkeşlər önündə İspaniyanın Barselona klubunu sınağa çəkib. İlk hissədə tərəflər nə qədər çalışsalar da qapılara yol tapmaq mümkün olmayıb. Əvəzində ikinci hissə qolla başlayıb. 47-ci dəqiqədə Frank Riberi fərdi ustalığı hesabına Bayerni hesabda irəli çıxarıb, 1-0. Əgər bu qoldan sonra almanlar az da olsa ümidləniblərsə, matçın başa çatmasına 17 dəqiqə qalmış Seydu Keytanın vurduğu qol bu ümüdlərin üstündən xətt çəkib. Məhz Barselonalı futbolçunun qüvvətli zərbəsindən sonra cütlüyün taleyinə tam olaraq aydınlıq gəlib, 1-1. Bu eyni zamanda matçın nəticəsi olub. Beləliklə, çempionlar liqasının 2008-09-cu il mövsümünün ilk yarımfinal cütlüyündə “Barselona” və “Çelsi” qarşı-qarşıya gələcək.

Çempionlar Liqasında daha 2 yarımfinalçının kimliyinə isə keçiriləcək qarşılaşmalaradan sonra aydınlıq gələcək. İngiltərədə keçirilmiş ilk oyunda 2-2 heç-heçə oynamış “Mançestr Yunayted” və ”Porto” bu dəfə Portuqaliyada qarşılaşacaqlar. Bu qarşılaşma ANS TV vasitəsilə canlı yayımlanacaq.
Günün digər matçı isə İngiltərədə keçiriləcək. İspaniyada baş tutan ilk qarşılaşmada 1-1 hesablı heç-heçə oynayan “Arsenal”la “Vilyareal” İngiltərdə qarşılaşacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar