Çempionlar Liqasında beşinci turun oyunları başlayır
23 Noyabr 2010 Çərşənbə Axşamı 02:15
Birdən-birə 13 klubun 1/8 final mərhələsinə çıxmaq şansı var
Bu gün Avropa şəhərlərində UEFA Çempionlar Liqasının beşinci turunun oyunları keçiriləcək. “Bavariya”, “Çelsi” və “Real” hələ ötən turdan növbəti mərhələyə vəsiqəni təmin ediblər. Bu həftə birdən-birə 13 klubun 1/8 final mərhələsinə çıxmaq şansı var.

Belə klublardan biri olan “Roma” ötən Çempionlar Liqasının finalçısı “Bavariya”nı qəbul edəcək. İtaliyalılar E qrupunda “Kluj” və “Bazel”i üç xal qabaqlayır ikinci yeri tutur. Əgər “Roma” bu gün “Bavariya”nı məğlub etsə və İsveçrədə “Bazel”lə heç-heçə olsa, qrupdakı digər iki klub üçün əlçatmaz olacaq. “Bavariya” isə qrupda birinciliyi təmin etmək üçün əla imkan qazanıb. Almanlar bunun üçün 0:2-dən ağır məğlubiyyətə uğramamalıdırlar.

“Çelsi” F qrupundan növbəti mərhələyə vəsiqəni təmin etsə də, ikinci yer uğrunda ciddi mübarizə gedir. Növbəti mərhələyə ikinci vəsiqə uğrunda “Spartak” və “Olimpik” mübarizə aparır. Hər iki klubun 6 xalı var və bu gün Moskvada qarşılaşacaqlar. “Spartak” qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq. Marsellilərə də kiçik hesablı istisna olmaqla, istənilən qələbə sərf edir. “Çelsi” isə bütün ümidlərini itirmiş “Jilina” ilə ev oyununda xalq qazanmaqla qrup birinciliyini əlində saxlaya bilər.

“San-Siro”dakı dramatik heç-heçədən sonra “Real” 1/8 final mərhələsinə vəsiqə qazanıb, “Milan” isə ikinci yerdədir. “Ayaks” ondan bir xal geri qalır, “Oser” isə amsterdamlıları izləyir. Əgər “Milan” “Oser”ə qalib gəlsə, “Ayaks” isə öz meydanında “Real”a məğlub olsa da, o zaman G qrupunda növbəti mərhələyə ikinci vəsiqə “Milan”a qismət olacaq.

Digər qruplarda növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl əldə etmiş komanda yoxdur. H qrupunda hər şey bu gün həll oluna bilər. “Arsenal” üçüncü pillədəki “Braqa”ya məlbub olmamalı, “Şaxtyor” isə “Partizan”a qalib gəlməlidir. Əgər “Arsenal” qalib gəlsə, “Şaxtyor”a heç-heçə də kifafət edəcək.

Çempionlar Liqasının hazırkı qalibi “İnter” də dekabrın 17-də keçiriləcək püşkatmada iştiraka yaxındır. Bunun üçün milanlılar A qrupundakı ev oyununda “Tvente”yə qalib gəlməlidir. Qrupun lideri “Tottenhem” isə “Verder”i məğlub etməlidir.

B qrupunun lideri “Lion” səfərdə “Şalke”ni məğlub etsə, növbəti mərhələyə çıxmıh olacaq. Fransızlara heç-heçə də kifayət edə bilər. Amma bunun üçün “Benfika” “Hapoel”ə qarşılaşmada xal etirməlidir. Əgər “Benfika” məğlub olsa, “Şalke” isə qalib gəlsə, o zaman növbəti mərhələyə almanlar və fransızlar vəsiqə qazanacaqlar.

C qrupunun lideri “Mançester Yunayted” “Reyncers”lə heç-heçəyə nail olsa, növbəti mərhələyə vəsiqəni təmin edəcək. “Valensiya” isə Avropanın 16 ən güclü klubunun siyahısına düşmək üçün mütləq “Bursaspor”a qalib gəlməlidir.

D qrupunda ilk iki yeri “Barselona” və ondan bir xal geri qalan “Kopenhagen” tutur. Əgər “Barselona” səfərdə “Panatinaikos”u məğlub etsə növbəti mərhələyə çıxacaq. “Kopenhagen” üçün isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün Kazanda “Rubin”i məğlub etmək mütləqdir. Liderlərə heç-heçə də sərf edə bilər. Amma bunun üçün paralel oyunlarda meydan sahibləri qalib gəlməməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar