“Çelsi” acı məğlubiyyətə uğradı
28 Fevral 2010 Bazar 03:35
“Zadəganlar” “Mançester Siti” ilə qarşılaşmanın son 9 dəqiqəsinin 9 nəfərlə keçirməli olublar.
İngiltərə çempionatının lideri, Londonun “Çelsi” klubu ölkə çempioanıtının 28-ci turunda “Mançester Siti”yə məğlub olub.
“Stemford Bric”dəki qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 42-ci dəqiqədə Frenk Lempard açıb. Amma heç üç dəqiqə keçməmiş “Mançester Siti” hesabı bərabərləşdirib. Birinci hissənin sonuncu dəqiqəsində Karlos Teves təkbaşına “Çelsi”nin müdafiə xəttinin öhdəsindən gəlib və topu istehzalı şəkildə qapıçı İlariunun yanından qapının uzaq güncünə göndərib.
51-ci dəqiqədə isə “Mançester Siti” hesabda irəli çıxıb. Əks-hücumu Kreyq Bellami qola çevirib. 76-cı dəqiqədə Culiano Belletti öz cərimə meydançasının yaxınlığında uğursuz oynayıb və topu oğurlayan Qaret Barrinin qarşısını yalnız qayda pozuntusu ilə ala bilib. Hakim Mayk Din qayda pozuntusunda sonuncu ümid kimi istifadə edən Bellettini meydançadan qovub. Teves isə 11 metrlik cərimə zərbəsi sayəsində həm dubl edib, həm də komandasının üstünlüyünü iki topa çatdırıb.
Tezliklə “Çelsi” meydançada 9 nəfərlə qalıb. Mixal Ballak Tevesə arxadan müdaxilə edib və hakim ona qırmızı kart göstərərək, Belletinin arxasınca göndərib.
Oyunun 87-ci dəqiqəsində “Mançester Siti” daha bir qol vurub. Bu dəfə də Kreyq Bellami fərqlənib.
Qalan dəqiqələr ərzində Karlo Ançelottinin yetirmələri yalnız hesab arasındakı fərqi azalda biliblər. Lakin Frenk Lempardın penaltidən vurduğu qol oyunun ümumi mənzərəsini dəyişməyib.
Bu, Çempionlar Liqasında “İnter”lə qarşılaşma da daxil olmaqla “Çelsi”nin son dörd oyundakı üçüncü məğlubiyyətidir. Buna baxmayaraq, komanda 61 xalla turnir cədvəlinə liderliyi davam etdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: