Bülənt Korkmaz “Bakı”dan istefa verib
22 Mart 2010 Bazar Ertəsi 17:45
Türkiyəli məşqçi Bülənt Korkmazın “Bakı” futbol klubunun baş məşqçisi postunda fəaliyyəti 173 gün çəkdi.
“Bakı”nın sükanı arxasında oktyabrın 17-də Tovuzun “Turan” klubu ilə səfər oyununda debüt edən Korkmaz 1:0 hesablı qələbə ilə başlamışdı. Onun sonuncu oyunu da səfərdə, elə bu hesablı məğlubiyyətlə oldu. “Neftçi” Unibank Premyer Liqasının son turunda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda həmşəhərlilərini cari çempionatımızın bombardiri Adrean Neaqanın vurduğu qolla məğlub etməklə yanaşı, rəqibin baş məşqçisini dəyişdirdi. Bununla həm də “Bakı”nın 14 oyunluq məğlubiyyətsiz seriyası da qırıldı. Buna qədər daxili yarışlarda sonuncu dəfə ikinci dövrənin ilk turunda, ötən ilin noyabrın 29-da evdə “Xəzər-Lənkəran”a böyük hesabla uduzan (0:3) son çempion bundan sonra yenilmirdi. Cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyası (15 oyun) üzrə rekorda imza atan “Neftçi” bunun təkrarlanmağına imkan vermədi. Maraqlıdır ki, “ağ-qaralar”ın da seriyası qırılan zamanı, ilkin mərhələnin son turunda “İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra baş məşqçisi, konkret Vaqif Sadıqov gedəsi oldu. Yəni, bu il hər iki istefa eyni nəticədən sonra reallaşıb. “Bakı”da isə artıq ikinci dəfədir Bakıxanov qəsəbə stadionunda oyundan sonra istefa olur. Belə ki, 2007-ci ilin sentyabrın 1-də “Standard”la həmin arenadakı görüşdən (1:1) sonra Böyükağa Hacıyev baş məşqçi postunu tərk etmişdi.
“Bakı”nı üç müxtəlif turnirdə ümumilikdə 27 görüşə çıxaran Korkmaza çempionatımızda yubiley oyunu düşərli olmadı. Türkiyəli çalışdırıcı göstəricilərində müsbət fərqə malik olsa da, bu ilin yanvarında Rusiya paytaxtı Moskvada keçirilən “Birlik kuboku”ndan uğursuz çıxışdan sonra kreslosunu laxlatdı. Həmin vaxt çempionumuz qrupda 3-cü yeri tutaraq, növbəti mərhələyə çıxa bilmədi. Yalnız Azərbaycan kubokunda uduzmayan Korkmaz komandanı çətinliklə də olsa yarımfinala çıxara bildi. Hər halda, autsayder “Standard” üzərində qələbə heç də asan başa gəlmədi. Bu komanda ilə evdə zəif oyun, 1:1 hesablı heç-heçədən sonra baş məşqçi ilə bağlı “istefa” şüarları səsləndi. Emosionallığı ilə seçilən Korkmaz ilk mərhələnin son turunda “Muğan”la ev oyununda çılğın hərəkətlərinə görə baş hakim Ramil Diniyev tərəfindən “texniki zona”dan qovulmuşdu. Bununla Azərbaycanda ilk cəzasını alan türkiyəli çalışdırıcını AFFA-nın İntizam Komitəsi 1 oyunluq diskvalifikasiya etdi, klubunu 2000 manat cərimələdi. Nəticədə “altılığ”ın ilk turunda “Qarabağ”la öz meydanında qələbə qazandıqları oyunu tribunalardan izləməli olan Korkmaz növbəti görüşdə texniki zonaya qayıdışı ilə gedişi bir oldu.
Korkmaz “Bakı”ya 21 illik futbolçu karyerasını həsr etdiyi, bütün uğurlarını qazandığı “Qalatasaray”dan gəlmişdi. Hələ ötən ilin fevralında “Bakı”nın dəvəti ilə paytaxtımızda qısa müddətə qonaq olan əfsanəvi kapitan geri qayıdan kimi “Com Bom”da istefaya göndərilən alman həmkarı Mihael Skibbeni əvəzinə baş məşqçi təyin olundu. Ancaq fevralın 24-də klubla 2,5 illik müqavilə imzalayan Korkmazın həmin mövsümün sonunda istefa verir və rəhbərlik də iyunun 3-də onun ərizəsini qəbul edir. İndiyə kimi “Qalatasaray” və “Bakı” ilə yanaşı, vətənində “Gənclərbiliyi”, “Kayseri Ərciyyəspor” və “Bursapsor” klublarını çalışdıran türkiyəli məşqçinin fəaliyyəti ayrı-ayrılıqda bir il olmayıb.
Qeyd edək ki, “Bakı”nı cari mövsümə çıxaran makedoniyalı baş məşqçi Qyoko Hacıyevski IV turda “Standard”la evdə qolsuz heç-heçə nəticələnən oyundan sonra postunu tərk edib. Bundan sonra komandanı bir oyuna – “Qarabağ”la görüşə Nazim Süleymanov – Asif Əliyev məşqçi dueti çıxarmışdı. Korkmaz “Bakı”nın 0:1 hesabı ilə uduzduğu həmin oyunu tribunadan izləmiş və bundan sonra rəhbərliklə görüşərək, münasibətlərini rəsmiləşdirmişdi. Onun gedişindən sonra hələ ki komandanı köməkçisi Məqsəd Yaqubəliyev hazırlaşdıracaq.

Bülənt Korkmazın “Bakı”dakı göstəriciləri

Azərbaycan çempionatı - 20 oyun, 10 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət, topların fərqi 22-15
Azərbaycan kuboku – 4 oyun, 2 qələbə, 2 heç-heçə, topların fərqi 10-2
“Birlik kuboku” – 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 2-2
Yekun – 27 oyun, 13 qələbə, 9 heç-heçə, 5 məğlubiyyət, topların fərqi 34-19
 
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar