Bu qarşılaşma bizim üçün ciddi məşq idi
08 Dekabr 2010 Çərşənbə 22:45
"Xəzər Lənkəran"ın çalışdırıcısı "MKT Araz"la oyunda əvəzedici heyətin futbolçularına daha çox şans verdiyini deyib
Bəlli olduğu kimi, NBC Bank Azərbaycan kubokunun 1/8 finalında I divizion təmsilçisi "MKT Araz" klubunu qəbul edən "Xəzər Lənkəran" rəqibini 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "MKT Araz" klubunun baş məşqçisi Xalıq Mustafayev oyunu şərh edərkən bildirib ki, futbolçularından razı qalıb. “Öz komandamla fəxr edirəm. Bu gün "Xəzər Lənkəran" kimi komanda ilə qarşılaşdıq. İstərdim ki, "Xəzər Lənkəran" bu mövsüm çempion olsun. Biz bugünkü oyunda rəqibimizdən öyrənməyə gəlmişdik", - deyə baş məşqçi bildirib.
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik isə qeyd edib ki, bu qarşılaşmada əvəzedici heyətin futbolçularına daha çox şans verib: "Gördüyünüz kimi bugünkü qarşılaşmada əsas heyətin bir çox futbolçuları oynamırdı, əvəzedici heyətin futbolçularına şans verdik. Bəzi futbolçular özünü yaxşı tərəfdən göstərdi. Bizim üçün bu qarşılaşma ciddi bir məşq idi. Artıq Unibank Premyer Liqasının növbəti turunda "Gəncə" ilə keçirəcəyimiz oyuna hazırlaşacağıq. İlk dövrədəki məğlubiyyəti unutmamışıq".
DOSTLARINLA PAYLAŞ: