Bu gün Dünya çempionatına start verilir
19 Avqust 2010 Cümə Axşamı 14:35
Polşanın Poznan şəhərində avarçəkənlər mübarizə aparacaq.
Bu gün Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə böyüklər arasında dünya çempionatı start götürür. Nüfuzlu yarışda 71 ölkədən 830 idmançı 4 gün ərzində 32 dəst medal uğrunda mübarizə aparacaq. Azərbaycan Milli Avarçəkmə Federasiyasından verilən məlumata görə, dünya çempionatında həmçinin 30 ölkədən 66 idmançının iştirakı ilə parakanoe növü üzrə də yarışlar keçiriləcək.
Azərbaycanı kanoe növündə baş məşqçi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edəcək. Onlar 2 nəfərlik qayıqla (C-2) 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Sərdar Mirzəyevin verdiyi məlumata görə, hazırda milli komandamız yüksək əhval-ruhiyyədədir və startı gözləyir. İdmançılarımız çıxış etdikləri bütün yarışlarda olduğu kimi, bu dəfə də uğurlu nəticələrə kökləniblər.
Yarışın ilk günündə 100 metr məsafəyə seçmə və yarımfinal yürüşləri baş tutacaq. Sabah isə 500 metr məsafəyə seçmə və yarımfinal yürüşləri təşkil olunacaq. Avqustun 21-də 1000 metr məsafəyə final, 200 metr məsafəyə seçmə və yarımfinal yürüşləri keçiriləcək. Avqustun 22-də isə 500 metr və 200 metr məsafələrə final yürüşləri baş tutacaq. Dünya çempionatını ölkəmizə “İdman Azərbaycan” telekanalı canlı yayımlayır.
Xatırladaq ki, Azərbaycan dünya çempionatları tarixində müstəqil ölkə kimi ikinci dəfə təmsil olunacaq. Ötən il Kanadanın Dartmut şəhərində mübarizə aparan 3 kanoeçimizdən Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə bürünc medala sahib olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: