Bu gün daha beş idmançımız Olimpiadada mübarizəyə qoşulacaq
30 İyul 2012 Bazar Ertəsi 12:02
Planetin ən mötəbər yarışında üçüncü oyun gününə start verilir
Olimpiadanın üçüncü yarış günündə daha 5 Azərbaycan idmançısı XXX London Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.
AzərTAc xəbər verir ki, 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Rüstəm Orucov (73 kq) Cənubi Afrika Respublikasının idmançısı Qideon van Zillə, 1/8 final mərhələsində yarışacaq Kifayət Qasımova (57 kq) isə Kaori Maçumito (Yaponiya) – Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Yarışda 1/16 final mərhələsində mübarizə aparacaq boksçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Elvin Məmişzadə (52 kq) monqolustanlı Tuqstsoqt Nyambayar ilə, Vətən Hüseynli (81 kq) isə Ekvador idmançısı Karlos Merkado ilə üz-üzə gələcəklər.
Digər idmançımız – ağır atlet Boyanka Kostova (58 kq) da birincilik uğrunda yarışacaq.
İkinci yarış günündən sonra qazanılan medalların sayına görə Çin vahid liderliyi ələ alıb. Medal sayına görə bu ölkəni ABŞ və İtaliya izləyir. Azərbaycan ağır atleti Valentin Xristovun (56 kq) qazandığı bürünc medal sayəsində yığmamız hazırda 22-ci pillədədir.
DOSTLARINLA PAYLAŞ: