Bu cür hallar bizi həvəsdən salır
10 Mart 2011 Cümə Axşamı 22:51
"Hər dəfə belə fikir yaranır ki, guya hakimlər gəlib bizim futbolçularımızın əvəzinə oyun oynayırlar"
Martın 10-da “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi mətbuat konfransı keçirib. Brifinqdə “Neftçi”nin planları və klub ətrafında yaranan məsələlərlə bağlı məlumat verilib. Konfransda klubun vitse-prezidenti Tahir Süleymanov və klub nümayəndələri bir sıra məsələlərə münasibət bildiriblər. Komandanın vitse-prezidenti qeyd edib ki, “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır və bu səbəbdən klubda aparılan islahatlar Azərbaycanın başqa klublarına da təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi mətbu orqanlarda məlumatlar yayılır ki, guya “Neftçi”nin oyunlarında hakimlər “alınır” və məhz onların köməyi ilə komanda qalib gəlir: “Son illər “Neftçi”yə münasibətdə belə bir yanlış mövqe tutulub ki, guya “Neftçi”ni bilərəkdən çempion etmək istəyirlər. Bu fikirlərin əsassız olduğu hər dəfə sübut olunur. “Neftçi”nin sonuncu dəfə nə vaxt çempion olduğunu hamımız bilirik”.

Komandanın baş məşqçisi Arif Əsədov isə bildirib ki, bu cür yanlış informasiyaların yayılması oyunçuların psixoloji vəziyyətinə də təsir edir: “Bu halın oyunçularımıza psixoloji təsir göstərməməsi üçün əlimizdən gələni edirik. Hər dəfə belə fikir yaranır ki, guya hakimlər gəlib bizim futbolçularımızın əvəzinə oyun oynayırlar. Bu cür hallar bizi həvəsdən salır”.

“Neftçi”nin kapitanı Rail Məlikov da komanda haqqında yayılan yanlış məlumatlara qarşı olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar